


Koreya İnkişaf İnstitutunun təqaüd proqramına sənəd qəbulu başlayıb
Bakı, 5 avqust, AZƏRTAC
Koreya İnkişaf İnstitutunun (KDI) Dövlət Siyasəti və İdarəçiliyi Məktəbi (KDIS) 2027-ci ilin yaz semestri üzrə Azərbaycan vətəndaşları üçün magistratura və doktorantura proqramlarına qəbul elan edib.
Bu barədə AZƏRTAC-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, proqram çərçivəsində Azərbaycan vətəndaşlarına Koreya Respublikasının Seul şəhərində yerləşən KDIS-də dövlət siyasəti, inkişaf siyasəti, dövlət idarəçiliyi və əlaqəli ixtisas sahələri üzrə əyani formada magistratura və doktorantura təhsili almaq imkanı yaradılır. Tədris ingilis dilində aparılacaq və proqramın 2027-ci ilin fevral ayında başlaması nəzərdə tutulur.
Təqaüd proqramı çərçivəsində seçilmiş namizədlər tam təhsil haqqından azad olunacaq, onlara aylıq təqaüd veriləcək, həmçinin digər institusional dəstək imkanları təqdim ediləcək. Təqaüdün həcmi və şərtləri proqramı maliyyələşdirən qurumların qərarına uyğun müəyyənləşdiriləcək.
Qeyd olunub ki, proqram dövlət siyasəti, inkişaf siyasəti, dövlət idarəçiliyi və əlaqəli sahələr üzrə ixtisaslaşmaq, eləcə də beynəlxalq akademik və peşəkar təcrübə qazanmaq istəyən Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub.
Təqaüd proqramına müraciətlər avqustun 5-dən 14-dək davam edəcək.
MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır
2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək
Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir
Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir