×
A
A
A
Sazlamalar

Azərbaycan–Qırğızıstan müttəfiqliyi Türk dünyasında inteqrasiyanın yeni mərhələsini formalaşdırır ŞƏRH

Bakı, 5 avqust, AZƏRTAC
Azərbaycan ilə Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması iki qardaş ölkə arasında əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir. Bununla yanaşı, müxtəlif sahələri əhatə edən çoxsaylı sənədlərin imzalanması münasibətlərin dinamik inkişaf etdiyini və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində qarşılıqlı siyasi iradənin mövcud olduğunu təsdiqləyir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Elşad Həsənov səsləndirib.
Politoloqun sözlərinə görə, səfərin mühüm nəticələrindən biri də Azərbaycan–Qırğızıstan İnvestisiya Fondunun nizamnamə kapitalının iki dəfə artırılaraq 200 milyon dollara çatdırılması barədə qəbul olunan qərardır. "Son illər Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq energetika, ticarət, iqtisadiyyat, mədəniyyət və digər istiqamətlər üzrə sürətlə inkişaf edir. Azərbaycanda Qırğızıstanın, Qırğızıstanda isə Azərbaycanın Mədəniyyət Günlərinin keçirilməsi ortaq tarixə, mədəniyyətə və mənəvi dəyərlərə malik xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır, qarşılıqlı münasibətlərin möhkəmlənməsinə xidmət edir", – deyə politoloq bildirib.
E.Həsənov qeyd edib ki, son dövrlər "Mərkəzi Asiya + Azərbaycan" əməkdaşlıq formatı sürətlə inkişaf edir. “Prezident İlham Əliyev də Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündəki çıxışında bu məqamı xüsusi vurğuladı. Təkcə 2023-cü ildən indiyədək Prezident İlham Əliyev Mərkəzi Asiya ölkələrinə 16 dəfə səfər edib, Mərkəzi Asiya dövlətlərinin rəhbərləri isə Azərbaycana 26 səfər həyata keçiriblər. Bu qarşılıqlı səfərlər siyasi, iqtisadi və strateji əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət edir. Qırğızıstan Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına da mühüm dəstək göstərir. Ağdam rayonunda inşa edilən tam orta məktəb bunun ən parlaq nümunələrindən biridir", – deyə Elşad Həsənov bildirib.
Politoloq qeyd edib ki, son illərdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında iqtisadi, siyasi, hərbi, enerji və logistika sahələrində əməkdaşlıq, investisiya fondlarının yaradılması və yeni layihələrin həyata keçirilməsi münasibətlərin daha da dərinləşdiyini göstərir. Türk Dövlətləri Təşkilatının inkişafı, üzv dövlətlər arasında iqtisadi, siyasi və təhlükəsizlik sahəsində əməkdaşlığın güclənməsi bunu bir daha təsdiqləyir.
Ekspert hesab edir ki, həm Hörmüz boğazı ətrafında yaranan risklər, həm də beynəlxalq geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır.
“Azərbaycan bu marşrutun əsas halqasıdır və həm geosiyasi, həm də geoiqtisadi baxımdan strateji mövqeyini daha da gücləndirir. Mərkəzi Asiya dövlətlərinin Avropa və dünya bazarlarına çıxışında Azərbaycan əsas tranzit və logistika mərkəzi rolunu oynayır. Bu isə həm region ölkələrinə, həm də Azərbaycana mühüm iqtisadi üstünlüklər qazandırır. Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşdirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi əməkdaşlığın inkişafı məhz Azərbaycanın fəal iştirakı ilə daha da sürətlənir. Bu baxımdan Çolpon-Atada keçirilən görüş yalnız siyasi dialoq deyil, həm də yeni regional əməkdaşlıq arxitekturasının formalaşdırılması istiqamətində Azərbaycanın rolunun yüksək qiymətləndirilməsi idi", – deyə o bildirib.
E.Həsənov sonda qeyd edib ki, Azərbaycan regionun aparıcı dövlətidir və bu potensialını türk dövlətləri ilə əməkdaşlığın inkişafına yönəldir. Azərbaycan Orta Dəhlizin inkişafına, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşdirilməsinə mühüm töhfələr verir. Prezident İlham Əliyevin Qırğızıstana səfəri də bu baxımdan son dərəcə uğurlu oldu və onun nəticələri həm Azərbaycan, həm Qırğızıstan, həm də bütövlükdə Mərkəzi Asiya üçün mühüm faydalar gətirəcək.


Müxbir - Səbinə Əlizadə

2026-08-05 14:51:00