×
A
A
A
Sazlamalar

“Keşikçidağ”da kurqanların LiDAR texnologiyası ilə tədqiqinə başlanılır VİDEO

Ağstafa, 5 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə “Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda təlimlərin keçirilməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, Ağstafa rayonundakı “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində keçirilən ilk təlimlərdə Türkiyədən olan mütəxəssislər – Ege Universitetinin dosenti, doktor Zafer Derin, Manisa Celal Bayar Universitetinin tədqiqatçısı Şahin Menteşe və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı, rəqəmsal memarlıq üzrə mütəxəssis Hilal Baydemir iştirak ediblər.
Bu təlimlərdə gənc azərbaycanlı arxeoloqlar xüsusi tətbiqlərdən istifadə etməklə qazıntı ərazisinin və arxeoloji abidənin üç məkanlı (3D) təsvirinin yaradılması üzrə təcrübi biliklərə yiyələnməkdədirlər.
İlkin mərhələdə təlim obyekti kimi qoruq ərazisində tədqiq edilmiş kurqanlardan biri seçilib. Azərbaycanlı arxeoloqlar LiDAR texnologiyası ilə çalışan proqramların (əsasən 3d Scanner App və Polycam) vasitəsilə abidənin 3D modelinin yaradılması üsullarının praktiki tətbiqini gerçəkləşdirməyə başlayıblar.
Təlimlərdə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun gənc əməkdaşları ilə yanaşı, akademiyanın Şəki Regional Elmi Mərkəzinin “Arxeologiya və etnoqrafiya” şöbəsinin əməkdaşları da iştirak edirlər.
Qeyd edək ki, təlimlər üçün AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun satınalmalar vasitəsilə əldə etdiyi yeni avadanlıqlar — Apple iPad Pro planşetləri istifadə edilməkdədir.
Təlimlər qarşıdakı günlərdə də yaxın bölgələrdəki arxeoloji qazıntı sahələrində davam edəcək.

Müxbir – Ruslan Novruzoğlu

Regionlar 2026-08-05 09:43:00

Video