


Azərbaycanın ilk qadın kooperativi Özbəkistandan olan həmkarları ilə əməkdaşlıq edəcək
Zaqatala, 4 avqust, AZƏRTAC
Zaqatala rayonunda fəaliyyət göstərən Azərbaycanın ilk “Çinar” Qadın Kooperativi ilə Özbəkistanın Namangan vilayəti, Çust rayonundan olan “GülRuz” Fermer Təsərrüfatı arasında əməkdaşlıq haqqında razılıq əldə olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Çinar” Qadın Kooperativinin rəhbəri Səadət Dibirova məlumat verib. O bildirib ki, Azərbaycan ilə Özbəkistan arasında son illər bir çox sahələrdə əməkdaşlıq münasibətləri sürətlə inkişaf edir. Bu baxımdan Azərbaycan Kənd Qadınları Assosiasiyası ilə Özbəkistanın müvafiq dövlət və qeyri-hökumət təşkilatları arasında müxtəlif istiqamətlərdə işbirliyi yaradılır, xüsusən qadın fermer və sahibkarlar arasında işgüzar əlaqələr, təcrübə mübadiləsi aparılır. Qadın sahibkarlıq fəaliyyətinin inkişafı, innovativ yanaşmaların tətbiqi və məhsulların beynəlxalq bazarlara çıxarılması istiqamətində birgə fəaliyyət göstərmək məqsədilə “Çinar” Qadın Kooperativi ilə “GülRuz” Fermer Təsərrüfatı arasında əməkdaşlıq əlaqələri rəsmiləşdirilib. İki qurum arasında uzunmüddətli və qarşılıqlı faydalı biznes əməkdaşlığının qurulması, istehsal və emal sahəsində təcrübə mübadiləsinin təşviqi, məhsulların bazara çıxarılması üzrə əməkdaşlığın inkişaf etdirilməsi və birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Tərəflər bağçılıq və meyvəçilik sahəsində müasir becərmə texnologiyalarının tətbiqi üzrə təcrübə mübadiləsi, meyvə və tərəvəz məhsullarının emalı, qablaşdırılması, saxlanılması və keyfiyyət standartlarının tətbiqi sahəsində, habelə meyvə qurusu istehsalında yeni texnologiyaların və innovativ üsulların öyrənilməsi və tətbiqi, məhsulların qarşılıqlı tanıdılması, sərgilərdə, yarmarkalarda və biznes forumlarında birgə iştirak haqda layihələrin icrasını planlaşdırıblar.
Qeyd edək ki, tərəflər bir neçə dəfə qarşılıqlı səfərdə olub, ilkin fikir mübadiləsi və tanışlıqlar həyata keçirilib. Növbəti illərdə isə işgüzar əlaqələrin daha sıx qurulması nəzərdə tutulur.
Müxbir - Rasim İslamoğlu
Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb
İmişlidə traktorun altında qalan uşaq ölüb
Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO
DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək
Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO