×
A
A
A
Sazlamalar

Federasiya prezidenti Qusarda gənc voleybolçularla görüşüb

Qusar, 4 avqust, AZƏRTAC

Son illər Qusarda voleybol idman növünə maraq artıb. Təsadüfü deyil ki, voleybol üzrə gənclərdən ibarət Azərbaycan milli komandasının heyətinə dörd qusarlı idmançı cəlb olunub.
Qusar Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu barədə Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırovun Qusar Olimpiya İdman Kompleksində yerli voleybolçularla görüşü zamanı bildirilib.
Şahin Bağırov qeyd edib ki, voleybol sevilən idman növü olmaqla yanaşı, həm də gənclərin fiziki sağlamlığının möhkəmlənməsi, komanda şəklində işləmək və ünsiyyət qurmaq bacarığının formalaşması üçün önəmli sahədir.
“İdmançılarımız ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edirlər. Bu işdə məşqçilərin üzərinə böyük məsuliyyət düşür. Onlar gəncləri peşəkar idmançı kimi yetişdirməlidirlər. Sevindirici haldır ki, bu gün Qusar rayonunun müxtəlif yaşayış məntəqələrində idmana maraq yüksəkdir. Bunun bariz nümunəsi kimi Qusarın Urva kənd voleybol komandasının adını çəkə bilərəm. Bu komanda müxtəlif yarışlarda qazandığı uğurlu nəticələri ilə seçilir”, - deyə Şahin Bağırov söyləyib.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov bildirib ki, digər idman növləri ilə yanaşı voleybola da qusarlı gənclər arasında böyük maraq var. İdmanın bölgələrdə inkişafı Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir.
“Qusar” voleybol komandasının məşqçi heyəti və komanda üzvləri nailiyyətləri barədə məlumat veriblər.
Görüşdən sonra Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi gənc voleybolçular arasında keçirilən yoldaşlıq görüşünü izləyiblər.

Müxbir – Elxan Yusifli

Regionlar 2026-08-04 20:36:00