×
A
A
A
Sazlamalar

NDU-da Türkiyədə keçirilən beynəlxalq yay təcrübəsi proqramının yekunlarına dair hesabat dinlənilib

Naxçıvan, 4 avqust, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində (NDU) Tibb fakültəsi tələbələrinin Türkiyənin aparıcı ali tibb təhsili müəssisələrində keçdikləri beynəlxalq yay təcrübəsi proqramının yekunlarına həsr olunan hesabat tədbiri keçirilib.
NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə rektor Elbrus İsayev bildirib ki, Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin tərəfdaş universitetləri arasında qüvvədə olan əməkdaşlıq müqavilələri və qarşılıqlı anlaşma memorandumları, həmçinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində beynəlxalq yay təcrübəsi proqramı uğurla həyata keçirilib.
Rektor proqram iştirakçıları ilə görüşərək təcrübənin nəticələri, tələbələrin təklifləri və gələcəkdə proqramın daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıb. Elbrus İsayev beynəlxalq təcrübə proqramlarının tələbələrin peşəkar hazırlığının gücləndirilməsində, nəzəri biliklərin praktik bacarıqlarla möhkəmləndirilməsində və beynəlxalq tibbi təcrübənin mənimsənilməsində əhəmiyyət daşıdığını vurğulayıb.
Sonra qrup rəhbərləri Cərrahpaşa, Ankara, Qazi, Dokuz Eylül, Akdeniz və Qara Dəniz Texniki universitetlərində keçirilən təcrübələrin nəticələrinə dair təqdimatlarla çıxış edərək tələbələrin klinik hazırlıq prosesi, qazandıqları praktik bacarıqlar və əldə etdikləri təcrübə haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki, proqram çərçivəsində universitetin Tibb, Hərbi tibb, Tibb (tədris ingilis dilində), Tibb SABAH qrupları, Stomatologiya, İctimai səhiyyə, Əczaçılıq və Psixologiya ixtisaslarında təhsil alan 221 tələbə, eləcə də 21 nəfər professor-müəllim heyəti Türkiyənin 6 nüfuzlu ali tibb təhsili müəssisəsində təcrübə və ixtisasartırma proqramlarında iştirak edib.
Yay təcrübəsi müddətində iştirakçılar terapiya, cərrahiyyə, pediatriya, ginekologiya, reanimasiya, təcili yardım və digər klinik şöbələrdə praktik hazırlıq keçərək həkimlərin gündəlik fəaliyyətini izləyib, müxtəlif tibbi prosedurlarda iştirak edib, müasir diaqnostika və müalicə üsullarını mənimsəyiblər. Bununla yanaşı, onlar beynəlxalq akademik mühit və Türkiyənin səhiyyə sisteminin təşkili ilə yaxından tanış olublar. Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Hesabat tədbirində çıxış edən tələbələr beynəlxalq yay təcrübəsinin onların peşəkar inkişafında mühüm rol oynadığını bildiriblər. Diqqətə çatdırılıb ki, NDU-da qazandıqları nəzəri biliklər beynəlxalq klinik mühitdə praktik bacarıqlarla tamamlanıb, fərqli səhiyyə sistemini yaxından öyrənmək və yeni təcrübə qazanmaq imkanı yaradıb.
Qeyd edək ki, NDU beynəlxalq tərəfdaş ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Xaricdə təşkil olunan bu cür təcrübə proqramları universitetin beynəlmiləlləşmə strategiyasının mühüm istiqamətlərindən biri olmaqla yanaşı, yüksəkixtisaslı və rəqabətqabiliyyətli tibb mütəxəssislərinin hazırlanmasına mühüm töhfə verir.

Müxbir- Nail Əsgərov

Regionlar 2026-08-04 19:44:00