×
A
A
A
Sazlamalar

Çində təhsil alacaq BDU məzunu: Rəqabət böyük idi və hər hansı xırda məsələ həlledici təsir göstərə bilərdi

Bakı, 4 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş çərçivəsində 2026-2027-ci tədris ili üzrə 20 nəfər Azərbaycan vətəndaşı Çinin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı qazanıb. Onlardan biri də Bakı Dövlət Universitetinin politologiya ixtisası üzrə məzunu Könül Daşdıyevadır.
Könül Daşdıyeva AZƏRTAC-a müsahibəsində bildirib ki, Bakı Dövlət Universitetinin Politologiya ixtisasını 97 ÜOMG ilə bitirib və məhz bu ixtisasın ona qazandırdığı biliklər xaricdə təhsil hədəfinə doğru irəliləməsində mühüm rol oynayıb.
Onun sözlərinə görə, xaricdə magistratura təhsili almaq ikinci kursdan etibarən əsas məqsədinə çevrilib. Bu səbəbdən müxtəlif beynəlxalq təqaüd proqramlarını araşdırıb və Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində Çində təhsil imkanı barədə də məlumat əldə edib. Proqramın təklif etdiyi üstünlüklər və fərqli mədəni mühitdə təhsil almaq imkanı onu cəlb edib.
“Seçim prosesi olduqca məsuliyyətli idi. Sənədlərin toplanması, motivasiya və tövsiyə məktublarının hazırlanması böyük diqqət tələb edirdi. Müsahibə mərhələsi də olduqca maraqlı idi. Burada həm dünyagörüşü, həm ixtisas bilikləri, həm də motivasiya yoxlanılırdı. Amma ən çətin mərhələ nəticələrin açıqlanmasını gözləmək idi. Çünki rəqabət böyük idi və hər hansı xırda detal həlledici ola bilərdi.
Mən Mərkəzi Çin Pedaqoji Universitetində beynəlxalq siyasət ixtisası üzrə magistratura təhsili alacağam. Seçimimin əsas səbəbi ixtisasımla bağlı biliklərimi genişləndirmək, onlara praktik və müasir yanaşmalar əlavə etməkdir. Bu universitetin sosial və siyasi elmlər sahəsində zəngin təcrübəsi və güclü akademik heyəti də seçimimdə mühüm rol oynadı.
Çin bu gün sadəcə iqtisadi nəhəng deyil, həm də özünəməxsus idarəçilik modeli olan dövlətdir. Azərbaycan və Çin arasında diplomatik, iqtisadi və mənəvi əlaqələr hər keçən gün daha da möhkəmlənir. Bir politoloq kimi bu təcrübəni nəzəriyyədən deyil, birbaşa hadisələrin mərkəzində, Çinin özündə yaşayaraq öyrənmək istəyirəm. Həmçinin Çin mədəniyyətini, dilini və düşüncə sistemini mənimsəmək peşəkar inkişafım üçün böyük üstünlükdür”, - deyə Könül Daşdıyeva əlavə edib.
Müsahibimiz bildirib ki, Çində təhsil aldığı müddətdə əsas məqsədi akademik göstəricilərini yüksək səviyyədə saxlamaq, dövlət siyasəti üzrə dərin tədqiqatlar aparmaq, Çin dilini mükəmməl səviyyədə öyrənmək, yerli və beynəlxalq tələbə mühitində fəal olmaq, müxtəlif elmi konfranslarda iştirak etməkdir. O, magistratura təhsilini başa vurduqdan sonra Vətənə qayıdaraq qazandığı bilik və təcrübəni ölkəsinin inkişafına yönəltmək, gələcəkdə Azərbaycanın xarici siyasəti və diplomatik xidməti sahəsində fəaliyyət göstərməyi planlaşdırır.
Xaricdə təhsil almaq istəyən gənclərə tövsiyələrini də bölüşən Könül Daşdıyeva qeyd edib ki, gənclər öz hədəflərini dürüst və aydın müəyyənləşdirməli, müraciət etdikləri ixtisasın və ölkənin gələcək planları ilə nə dərəcədə üst-üstə düşdüyünü yaxşı təhlil etməlidirlər. Müraciət prosesinə vaxtında başlamaq, öz üzərində davamlı işləmək və uğursuzluq ehtimalından qorxmamaq vacibdir. Çünki hər bir təcrübə insanı həm peşəkar, həm də şəxsiyyət kimi formalaşdırır.

Müxbir - Nərmin Muradzadə

Elm və təhsil 2026-08-04 17:22:00