


BMU-İNHA ikili diplom proqramı üzrə qəbul imtahanları təşkil edilib
Bakı, 4 avqust, AZƏRTAC
Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramına (BMU-İNHA İDP) 2026/2027-ci tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul məqsədilə daxili imtahanlar keçirilib.
Bu barədə AZƏRTAC-a BMU-dan məlumat verilib. BMU və İNHA Universitetinin birgə təşkil etdiyi qəbul imtahanları 2 mərhələdən ibarət olub. Birinci mərhələdə abituriyentlərin riyaziyyat və fizika fənləri üzrə bilikləri 1 saat ərzində qiymətləndirilib. Riyaziyyat fənni üzrə 12, fizika fənni üzrə isə 8 test tapşırığı təqdim olunub. İkinci mərhələ ingilis dili üzrə keçirilib və dinləmə komponenti də daxil olmaqla 30 test sualını əhatə edib.
İmtahanların şəffaf və obyektiv keçirilməsini təmin etmək məqsədilə bütün zəruri təşkilati və texniki tədbirlər həyata keçirilib. İmtahan prosesinə iki universitetin əməkdaşları cəlb olunublar.
BMU-nun rektoru Yaqub Piriyev və universitetin rəhbər heyəti imtahan prosesini yerində izləyərək təşkilati məsələlər və imtahanın gedişi ilə tanış olublar. Rektor vurğulayıb ki, beynəlxalq ikili diplom proqramına maraq ildən-ilə artır. Builki qəbul prosesində yüksək bal toplayan abituriyentlərin proqrama daha çox üstünlük verməsi onun nüfuzunun, tədris keyfiyyətinin və cəmiyyətdə qazandığı etimadın ən bariz göstəricilərindəndir. BMU-İNHA ikili diplom proqramı beynəlxalq səviyyədə keyfiyyətli təhsil almaq, müasir bilik və bacarıqlara yiyələnmək, habelə uğurlu karyera qurmaq üçün geniş imkanlar yaradır.
Altı ildir uğurla icra olunan ikili diplom proqramının məzunlarının böyük əksəriyyətinin nüfuzlu yerli və beynəlxalq şirkətlərdə işlə təmin olunduğunu diqqətə çatdıran rektor əlavə edib ki, bu, proqramın yüksək səmərəliliyinin və əmək bazarının tələblərinə cavab verdiyinin mühüm sübutlarından biridir.
2026/2027-ci tədris ili üzrə tam dövlət hesabına beynəlxalq ikili diplom proqramına ümumilikdə 104 nəfərin, yəni hər ixtisas üzrə 26 nəfərin qəbulu nəzərdə tutulub. Daxili qəbul imtahanında iştirak etmək üçün 500-ə yaxın abituriyent qeydiyyatdan keçib. Onlardan imtahanda iştirak edən 363 nəfərin 199-u Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilmiş qəbul imtahanlarında 500-dən yuxarı bal toplayan namizədlər olub. Həmin namizədlərin 45-i 600-700, 154-ü isə 500-600 bal intervalında nəticə göstərib.
Daxili qəbul imtahanlarının nəticələrinin avqustun 6-da elan olunması planlaşdırılır.
3+1 modeli əsasında həyata keçirilən ikili diplom proqramı üzrə cari tədris ilində 4 ixtisasa qəbul aparılır. Bunlar kompüter elmləri (süni intellekt mühəndisliyi), data analitikası (data elmləri), informasiya texnologiyaları və elektrik və elektronika mühəndisliyi ixtisaslarıdır.
BMU-İNHA İDP-yə qəbul olunan namizədlərin siyahısı təsdiq olunmaq üçün Elm və Təhsil Nazirliyinə təqdim edilir və daha sonra DİM tərəfindən rəsmi qeydiyyata alınır. Proqrama qəbul olunan namizədlər rəsmi BMU-İNHA İDP tələbəsi statusunu əldə etdiklərindən DİM-in ixtisas seçimi (kodlaşdırma) mərhələsində iştirak etmirlər. Eyni zamanda, proqrama qəbul olunmayan namizədlərin DİM-in ixtisas seçimi prosesində iştirak edə bilmələri üçün nəticələrin açıqlanma vaxtı müvafiq qaydada planlaşdırılıb.
Qeyd olunan ikili diplom proqramı 2020-ci ildən etibarən “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” çərçivəsində icra edilir. Prezidentin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2025-ci il 22 iyul tarixli Sərəncamına əsasən proqramın icra müddəti 2030-cu ilədək uzadılıb.
MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır
2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək
Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir
Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir