


Nicat Məmmədli: Təhsildə innovativ yanaşmalar insan kapitalının inkişafına xidmət edir
Bakı, 4 avqust, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən IV “Maarifçi” tələbə-məzun proqramı çərçivəsində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli proqram iştirakçıları ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə Nicat Məmmədli Fondun fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr və təhsil ekosisteminin inkişafına xidmət edən strateji təşəbbüslər barədə ətraflı məlumat verib. Təhsil sahəsində innovativ yanaşmaların təşviqi, insan kapitalının inkişafı və tərəfdaşlıqların genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
Görüş zamanı təhsildə rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının tətbiqi mövzusunda fikir mübadiləsi aparılıb. Nicat Məmmədli süni intellektin tədris prosesinə inteqrasiyası, fərdiləşdirilmiş öyrənmə imkanlarının genişləndirilməsi və gələcəyin əmək bazarında tələb olunan bacarıqların formalaşdırılmasında bu texnologiyaların rolu barədə fikirlərini iştirakçılarla bölüşüb.
Tədbir iştirakçıların suallarının cavablandırılması və qarşılıqlı müzakirələrlə davam edib.
Qeyd edək ki, IV “Maarifçi” tələbə-məzun proqramının məqsədi gənclərin dövlət idarəçiliyi sahəsində praktiki bilik və bacarıqlarını artırmaq, onların peşəkar inkişafını dəstəkləmək və gələcək karyera imkanlarını genişləndirməkdir. Proqram çərçivəsində seçilmiş 53 iştirakçı Elm və Təhsil Nazirliyinin struktur bölmələrində və tabeliyindəki qurumlarda, regional təhsil idarələrində, eləcə də Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçəcəklər.
MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır
2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək
Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir
Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir