


BDU: Avqustun 13-də Yerin qravitasiyasının yox olacağı barədə iddiaların elmi əsası yoxdur
Bakı, 4 avqust, AZƏRTAC
Son günlər sosial şəbəkələrdə və bəzi internet resurslarında 2026-cı il avqustun 13-də Yerin qravitasiya qüvvəsinin 7 saniyəlik yox olacağı və insanların qısa müddət ərzində çəkisizlik vəziyyəti yaşayacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə AZƏRTAC-a Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, Yerin cazibə qüvvəsi onun kütləsi ilə müəyyən olunur və Nyutonun Ümumdünya cazibə qanununa əsasən formalaşır. Qravitasiya qüvvəsinin qəfil yox olması yalnız Yerin kütləsinin birdən-birə yox olması və ya təbiətin fundamental qanunlarının dəyişməsi kimi fiziki baxımdan mümkün olmayan hadisələr nəticəsində baş verə bilər. Hazırda belə bir ehtimalı təsdiqləyən heç bir elmi əsas mövcud deyil.
Bəzi paylaşımlarda hadisənin səbəbi kimi göstərilən qravitasiya dalğaları və ya qara dəliklərin toqquşması Yerin cazibə sahəsinə təsir göstərə bilməz. Qravitasiya dalğaları fəza-zamanda son dərəcə kiçik dəyişikliklər yaradır və onların Yer səthində hiss ediləcək və ya qravitasiya qüvvəsini dəyişəcək təsiri yoxdur. Həmçinin sosial şəbəkələrdə istinad edilən guya NASA tərəfindən hazırlanmış “Project Anchor” adlı hesabatın rəsmi elmi sənəd olmadığı və etibarlı elmi mənbələr tərəfindən təsdiqlənmədiyi qeyd edilib.
Astrofizika kafedrası həmin tarixdə baş verəcək real astronomik hadisələrə də aydınlıq gətirib. Bildirilib ki, avqustun 13-də Perseid meteor yağışının maksimumu müşahidə olunacaq. Bu, ilin ən zəngin meteor yağışlarından biridir və əlverişli hava şəraitində Azərbaycandan da izlənilə bilər. Bundan əlavə, avqustun 12-də tam Günəş tutulması baş verəcək. Lakin tutulma əsasən Qrenlandiya, İslandiya və İspaniyanın şimal hissəsindən görünəcək, Azərbaycandan isə müşahidə olunmayacaq.
Bu astronomik hadisələrin heç biri Yerin qravitasiya sahəsinə təsir göstərmir.
Açıqlamada vətəndaşlara astronomiya ilə bağlı məlumatları yalnız rəsmi elmi qurumların, rəsədxanaların və beynəlxalq elmi təşkilatların açıqlamalarına əsasən izləmələri tövsiyə olunub. Astronomik hadisələr ətrafında yayılan sensasiya xarakterli, lakin elmi əsası olmayan məlumatlara tənqidi yanaşmaq vacibdir.
Qeyd olunub ki, 2026-cı il avqustun 13-də Yerin qravitasiya qüvvəsinin yox olması və ya insanların çəkisizlik vəziyyəti yaşaması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir və planetimizin cazibə qüvvəsində heç bir dəyişiklik baş verməyəcək.
MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır
2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək
Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir
Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir