


Çində Konfutsi İnstitutunun yay düşərgəsi
Bakı, 4 avqust, AZƏRTAC
Çin Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzinin və Huçjou Universitetinin Humanitar Elmlər Fakültəsinin təşkilati dəstəyi ilə Çinin Huçjou şəhərində Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun illik “Çin körpüsü” yay təhsil və mədəniyyət düşərgəsi təşkil olunub.
Bu barədə AZƏRTAC-a ADU-nun Konfutsi İnstitutundan məlumat verilib. Bildirilib ki, bu il düşərgə “Çini kəşf etmək, özümüzü kəşf etmək” devizi altında təşkil edilib. Yay düşərgəsinin açılış mərasimində Huçjou Universitetinin vitse-prezidenti Li Çinfen Çjetszyan əyalətinin tarixi və mədəni irsi, habelə universitetin elmi və təhsil fəaliyyəti haqqında məlumat verib. O, düşərgənin bayrağını iştirakçılara təqdim edib.
ADU Konfutsi İnstitutunun rəsmi tərəfdaşı olan Huçjou Universitetinin müəllimləri tərəfindən keçirilən Çin dili dərslərində düşərgə iştirakçıları dil biliklərini təkmilləşdirib, Çin mədəniyyətinin tarixi və ənənələri ilə yaxından tanış olub, praktik dialoq və monoloqlarda fəal iştirak ediblər.
Düşərgə iştirakçıları, həmçinin qədim tarixi və zəngin mədəni irsi ilə tanınan Nanxun kəndinə, 2000 illik xüsusi xəttatlıq fırçalarının istehsalı ilə məşhur olan Şanlian şəhərinə, Lonçzin çay kəndinə və Huçjou şəhərində fəaliyyət göstərən ekoloji müəssisələrə və digər məkanlara ekskursiya ediblər.
Bağlanış mərasimində Azərbaycan məktəbliləri əldə etdikləri akademik nailiyyətləri nümayiş etdiriblər. Onlar Çin xalq mahnıları ifa edib, Çin şairlərinin şeirlərini səsləndirib, Azərbaycanın tarixi və mədəniyyəti haqqında təqdimatlar ediblər.
Tədbir çərçivəsində Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun “Azərbaycan – Çin. Prezident salnaməsi (2003–2025)” kitabının təqdimatı da keçirilib. Kitab Azərbaycan və Çin dillərində nəşr olunub.
MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır
2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək
Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir
Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir