×
A
A
A
Sazlamalar

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanı veriblər

Bakı, 4 avqust, AZƏRTAC
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, imtahanda III ixtisas qrupu üzrə test imtahanında müsabiqə şərtini ödəyən və jurnalistika ixtisası üzrə internet vasitəsilə qeydiyyatdan keçən abituriyentlər iştirak ediblər.
İmtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda, həmçinin Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Kürdəmir və Şirvan şəhərlərində təşkil olunub. İmtahanda 827 abituriyentin iştirakı nəzərdə tutulub.
DİM-in elektron imtahanlar korpusunda imtahan başlamazdan əvvəl Mərkəzin əməkdaşları, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, Mətbuat Şurasının və media nümayəndələrinin iştirakı ilə 200-dən çox mövzu arasından püşkatma yolu ilə 3 mövzu seçilərək abituriyentlərə təqdim olunub. İştirakçılar həmin mövzulardan biri üzrə inşa (esse) yazıblar.
Abituriyentlər yazı işini elektron formada kompüter vasitəsilə yerinə yetiriblər. Bu üsul onlara fikirlərini daha səliqəli şəkildə təqdim etmək, zərurət yarandıqda mətni rahat redaktə etmək və ayrılmış vaxtdan daha səmərəli istifadə etmək imkanı yaradıb. Eyni zamanda, bu yeniliyin qiymətləndirmə prosesinin daha səmərəli təşkilinə, əl yazısının oxunması ilə bağlı çətinliklərin aradan qaldırılmasına və qiymətləndiricilərin diqqətini yalnız yazının məzmununa yönəltməsinə şərait yaradacağı bildirilib.
Qeyd olunub ki, imtahanın müddəti əvvəlki illərlə müqayisədə 30 dəqiqə artırılıb və inşanın yazılması üçün abituriyentlərə 3 saat vaxt verilib.
İmtahanın nəticələrinin yazı işlərinin yoxlanılması başa çatdıqdan sonra 3-4 gün ərzində elan olunacağı bildirilib. Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı jurnalistika ixtisasını seçim ərizələrinə daxil edə biləcəklər.

Elm və təhsil 2026-08-04 15:55:00