×
A
A
A
Sazlamalar

BDU-da “Açıq qapı” günləri davam edir

Bakı, 4 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri”nin təşkilatçılığı ilə keçirilən “Açıq qapı” günləri davam edir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, növbəti “Açıq qapı” günündə iştirak etmək üçün 400-dən çox abituriyent qeydiyyatdan keçib.
Abituriyentlərə universitetin təhsil imkanları, elmi potensialı, tələbə həyatı, beynəlxalq əməkdaşlıq istiqamətləri və BDU-da yaradılan inkişaf mühiti barədə ətraflı məlumat verilib. Bildirilib ki, ölkənin aparıcı ali təhsil müəssisələrindən olan BDU yeni tədris ilində əmək bazarının müasir tələblərinə cavab verən ixtisaslar, yenilənmiş təhsil imkanları və innovativ yanaşmalarla tələbə qəbuluna hazırdır.
Tədbir çərçivəsində abituriyentlər universitetin muzeylərini, Elmi Kitabxananın elektron bölməsini, Tələbə İnkişaf Mərkəzini, “Ekoməkan”ı, “Tələbə məkanı”nı və 2 saylı tədris binasını ziyarət edərək təhsil və infrastruktur imkanları ilə yaxından tanış olublar.
Sonda abituriyent və valideynləri maraqlandıran universitetin infrastrukturu, tədris prosesi və tələbə həyatı ilə bağlı suallar cavablandırılıb.
BDU-da “Açıq qapı” günləri avqustun 6-dək davam edəcək.

Elm və təhsil 2026-08-04 15:52:00