×
A
A
A
Sazlamalar

Gözdən əlil abituriyentlər üçün 1 nömrəli Bakı Tibb Kollecində 15 plan yeri ayrılıb

Bakı, 4 avqust, AZƏRTAC

2026/2027-ci tədris ili üzrə 1 nömrəli Bakı Tibb Kollecinin “Müalicə masajı” ixtisasına gözdən əlil abituriyentlər üçün dövlət hesabına 15 plan yeri ayrılıb.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Müsabiqədə iştirak etmək istəyən, orqanizmin funksiyalarının 81-100 və ya 61-80 faiz pozulmasına görə gözdən əlilliyi (I və II dərəcəli) müəyyən edilmiş abituriyentlər sənədlərini avqustun 5-dən 14-dək saat 17:00-dək DİM-ə və ya qurumun regional bölmələrinə təqdim etməlidirlər.
Abituriyentlərdən Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş əlilliyi təsdiq edən arayış, yaşayış yeri üzrə poliklinikadan “Peşəyə yararlılıq haqqında” tibbi arayış və “Abituriyentin elektron ərizəsi” tələb olunur.
Müsabiqədə cari ilin məzunları üçün buraxılış imtahanından ümumi balı 50-dən, Azərbaycan dili və riyaziyyat fənlərinin hər biri üzrə balı isə 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün ixtisas seçimi ali təhsil müəssisələrinə qəbul üzrə ixtisas seçimi ilə eyni vaxtda aparılır.
Xatırladaq ki, əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi və məşğulluq imkanlarının artırılması məqsədilə 2014/2015-ci tədris ilindən etibarən kollecin “Müalicə masajı” ixtisası üzrə gözdən əlil gənclər üçün dövlət hesabına plan yerləri ayrılır.

 

Elm və təhsil 2026-08-04 15:14:00