


Şəhid övladı: Yaşıdlarıma tövsiyə edirəm ki, "YAŞAT" Fondunun yaratdığı imkandan yararlansınlar
Bakı, 4 avqust, AZƏRTAC
Artıq dörd ildir ki, "YAŞAT" Fondu tərəfindən yay məktəbi təşkil olunur. Bu il də ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 10 şəhid övladı Böyük Britaniyanın London şəhərində 14 günlük yay məktəbində oldu. Orada uşaqlar üçün müxtəlif ekskursiyalar, eyni zamanda, gündəlik üç saatlıq dil təkmilləşdirmə kursları təşkil edildi. Layihə müvəffəqiyyətlə başa çatdı.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "YAŞAT" Fondunun əməkdaşı Roza Qocayeva deyib.
"YAŞAT" Fondunun Londondakı yay məktəbində iştirak edən şəhid mayor Vüqar Heydərovun övladı Yusif Heydərli AZƏRTAC-ın müxbiri ilə öz təəssüratlarını bölüşüb. O, yay məktəbinin ürəyincə olduğunu deyib: "Buraxılış imtahanında göstərdiyim yüksək nəticədən sonra "YAŞAT" Fondu məni Londondakı yay məktəbinə dəvət etdi. Mən də böyük məmnuniyyətlə qəbul etdim. Həqiqətən də mənim üçün fərqlilik oldu. Müxtəlif etnik qruplarla dərslərə qoşulduq, onlarla ingilis dilində müzakirələr apardıq. İlk dəfə ingiliscə sərbəst danışmağı məhz Londonda sınadım. Axşam vaxtı müxtəlif maraqlı fəaliyyətlər həyata keçirdik, Londonun məşhur abidələri, tarixi məkanları ilə tanış olduq. Yaşıdlarıma tövsiyə edirəm ki, daha əzmlə çalışıb yüksək nəticə əldə etsin və "YAŞAT" Fondunun yaratdığı imkandan maksimum yararlansınlar. Həm də xaricdə ali təhsil almaq fürsətini əldən verməsin, peşəkar, savadlı kadr kimi yetişib ölkəmizə dönərək Vətənimizə xidmət etsinlər. Şəhid övladlarına yaradılan bu şəraitə görə Prezidentimizə, "YAŞAT" Fonduna təşəkkür edirəm".
Yusif Heydərlinin anası Ülkər Heydərova övladının ötən ildən yay məktəbinə hazırlaşdığını deyib.
"Bilirdik ki, o, yüksək bal toplasa, "YAŞAT" Fondu onu yay məktəbinə dəvət edəcək. Ona görə də qarşısına məqsəd qoymuşdu ki, lazım olan balı toplayıb Londona getsin. Çünki onun uşaqlıqdan Böyük Britaniyaya, Londona xüsusi marağı var. Nə yaxşı ki, o, məqsədinə nail oldu. Yusifi yola salanda çox həyəcanlı idi. İlk dəfə idi ki, ölkə xaricinə çıxırdı. Lakin hər şey gözlədiyindən də yaxşı oldu. "YAŞAT" Fonduna təşəkkür edirəm ki, onlar övladlarımızı orada xüsusi diqqət və qayğı ilə əhatə etdilər, iki həftə ərzində onlara unudulmaz anlar yaşatdılar. Həmin müddət ərzində övladlarımız heç bir problemlə üzləşmədilər. Gündəlik olaraq Yusif getdiyi yerləri, ekskursiyaları, təlimləri bizimlə paylaşırdı, çox fərəhlənirdik. Əminəm ki, şəhidlərimizin ruhu da şad oldu. Mən başda Prezident, Ali Baş Komandan İlham Əliyev olmaqla şəhid ailələrinə həssas yanaşan hər kəsə təşəkkür edirəm. "YAŞAT" Fonduna minnətdaram ki, şəhid ailələrinə göstərilən qayğı və dəstək bu formada da təzahür edir".
Qeyd edək ki, Londonda reallaşdırılan sayca dördüncü “YAŞAT” yay məktəbi 19 iyul–2 avqust tarixlərini əhatə edib.
Əsas məqsəd şəhid övladlarının dünyagörüşünü, dil biliklərini və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.
Ucarda 1 tondan çox çətənə kolu məhv edilib
Ötən gün narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib
Tərtərdə yanğın törədərək iki nəfəri öldürən və cinayəti gizlətməyə çalışan şəxs ifşa edilib