×
A
A
A
Sazlamalar

Ekspert: Azərbaycan regiona texnoloji həllər təqdim edən mərkəz kimi formalaşa bilər

Bakı, 4 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin rəqəmsal inkişafı və süni intellekti ayrıca strateji sənədlər səviyyəsinə qaldırması bu sahəni ayrı-ayrı təşəbbüslər müstəvisindən dövlət siyasəti səviyyəsinə keçirdi. Ən vacibi isə odur ki, “2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası”nda yalnız ümumi niyyətlər deyil, konkret istiqamətlər, icra müddətləri və ölçüləbilən nəticələr müəyyənləşdirilib. Son dövrdə dövlət qurumlarında da yaxşı mənada bir fəallıq və yarış hiss olunur. Demək olar ki, hər bir qurum xidmətlərini necə daha sürətli, ağıllı və vətəndaşyönümlü edə biləcəyini düşünür. Bu dinamika çox dəyərlidir. Lakin yarış yaradılan tətbiqlərin, keçirilən tədbirlərin və təqdimatların sayı üzrə deyil, vətəndaşa və iqtisadiyyata verilən real fayda üzrə getməlidir.
Bu barədə AZƏRTAC-a açıqlamasında “EduRobot” MMC-nin təsisçisi və direktoru, süni intellekt, irimiqyaslı informasiya sistemləri və məlumat arxitekturası üzrə ekspert Teymur Hacıyev deyib.
O qeyd edib ki, bir neçə il əvvəl ölkəmizdə ixtisas seçimi sahəsini ilk dəfə rəqəmsallaşdıran “SmartAbituriyent” məhsulunu hazırlayanda insanlar “robot insanın seçimini necə bilər?” - deyə soruşurdular. Bu gün isə həmin məhsulu abituriyentin Azərbaycan dilində danışığını anlayan, onun balını, arzularını və risklərini təhlil edərək insan dilində fərdi məsləhət verən süni intellekt xidmətinə çeviririk.
“Bu, cəmiyyətin münasibətindəki dəyişikliyi də göstərir. İnsanlar artıq süni intellektin nə olduğunu deyil, onların problemini nə qədər düzgün həll etdiyini soruşurlar. Əsas strateji məsələ Azərbaycanın yalnız xaricdə yaradılmış süni intellekt alətlərinin istifadəçisi olaraq qalmamasıdır. Biz öz dilimizi, qanunvericiliyimizi, təhsil sistemimizi, iqtisadi mühitimizi və insanların real ehtiyaclarını anlayan yerli həllər yaratmalıyıq. Azərbaycan dilində böyük məlumat bazalarının və dil texnologiyalarının yaradılması buna görə xüsusi əhəmiyyət daşıyır. Bu, sadəcə texniki məsələ deyil, həm də rəqəmsal suverenlik məsələsidir. Hazırda ölkəmizin ərzaq təminatının təhlükəsizliyi üzrə informasiya sisteminin arxitekturasını hazırlayıram. Bu layihə də göstərir ki, süni intellekt yalnız insanla danışan virtual köməkçi deyil. Düzgün məlumat arxitekturası üzərində qurulduqda süni intellekt ölkə səviyyəsində risklərin əvvəlcədən müəyyənləşdirilməsinə, proseslərin təhlilinə və strateji qərarların qəbuluna xidmət edə bilər. Amma zəif məlumat arxitekturasının üzərinə güclü süni intellekt qurmaq mümkün deyil. Məlumat natamam, ziddiyyətli və ya gecikmişdirsə, ən müasir texnologiyanın verdiyi nəticə də etibarlı olmayacaq. Buna görə rəqəmsal transformasiya yalnız yeni tətbiqlərin hazırlanması demək deyil. Məlumatın necə toplanması, qorunması, qurumlar arasında necə mübadilə edilməsi və qərara necə çevrilməsi də prosesin əsas hissəsidir”, - deyə Teymur Hacıyev vurğulayıb.
T.Hacıyev qeyd edib ki, süni intellektin tətbiqi zamanı şəffaflıq və məsuliyyət də diqqətdən kənarda qalmamalıdır: “Sistem səhv etdikdə “süni intellekt belə qərar verdi” cavabı qəbuledilən olmamalıdır. Son qərarın və məsuliyyətin kimdə olduğu həmişə aydın qalmalıdır. Strategiyada dövlət, özəl sektor, universitetlər və tədqiqatçılar arasında əməkdaşlığın nəzərdə tutulması bu baxımdan çox əhəmiyyətlidir. Dövlət yalnız tənzimləyici deyil, yerli məhsullar üçün ilk sınaq və tətbiq meydanı da ola bilər. Dövlətimizin başçısının bu istiqaməti vaxtında müəyyənləşdirməsi Azərbaycan üçün böyük fürsət yaradıb. İndi əsas məsuliyyət bu siyasi iradəni işləyən sistemlərə, güclü yerli kadrlara və xarici bazarlara çıxarıla bilən məhsullara çevirməkdir. Bunu bacarsaq, Azərbaycan süni intellektdən sadəcə istifadə edən ölkə kimi deyil, regiona texnoloji həllər təqdim edən mərkəz kimi formalaşa bilər”.

İqtisadiyyat 2026-08-04 12:57:00