


Mərkəzi Bank maliyyə sektoru üçün etik və peşəkar davranış kodeksini təsdiqləyib
Bakı, 4 avqust, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti tərəfindən “Maliyyə sektorunda etik və peşəkar davranış Kodeksi” qəbul edilib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, kodeks “2024–2026-cı illər üçün Maliyyə sektorunun inkişafı strategiyası” çərçivəsində maliyyə sektorunda peşəkarlığın artırılması və etik davranış standartlarının vahidləşdirilməsi məqsədilə hazırlanıb.
Kodeks maliyyə sektoru üzrə çalışan bütün peşəkarlar üçün vahid davranış çərçivəsi formalaşdıraraq etik prinsiplərə əməl edilməsində etibarlı istinad mənbəyi yaradır. Sənəd nəzarət subyektləri tərəfindən mövcud daxili kodekslərin təkmilləşdirilməsi, eyni zamanda, yeni daxili kodekslərin yaradılması üçün institusional dəstək rolunu oynayır.
Sənəddə 8 etik prinsip, 6 peşəkar davranış qaydası və onların tətbiqinin təmin edilməsi mexanizmi əks olunub. Kodeks peşəkarların müştərilərə, maliyyə sektoru və institutlarına, digər peşəkarlara, qanunvericiliyə, cəmiyyətə və ətraf mühitə qarşı davranış standartlarını müəyyənləşdirir və çoxşaxəli peşəkar məsuliyyət anlayışını gücləndirir.
Bu təşəbbüs maliyyə sektorunda vahid etik və peşəkar davranış standartlarının formalaşmasına, peşəkarların inkişafı üçün münbit və dayanıqlı mühitin qorunmasına, maliyyə sektorunun davamlı inkişafı və sabitliyinin təmininə, həmçinin istehlakçıların maliyyə sektoruna olan etimadının artırılmasına xidmət edir.
Kodeksi nəzərdən keçirmək üçün bu linkə daxil ola bilərsiniz:
Dövlət Xidməti enerji sektorunda kibertəhlükəsizlik üzrə yüksəksəviyyəli simulyasiya təlimi keçirib
Dövlət Neft Fondu Perunun ən böyük elektrik enerjisi istehsalçısı olan şirkətə investisiya yatırıb
Qeyri-peşəkar müdaxilələr avtomobillərdə yanğın təhlükəsi yaradır – Ekspert rəyi