×
A
A
A
Sazlamalar

Antisanitar şəraitdə fəaliyyət göstərən pivə istehsalı müəssisəsi aşkarlanıb

Bakı, 3 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Yevlax rayonunun Malbinəsi kəndinin ərazisində - Yevlax–Bərdə avtomobil yolunun 7-ci kilometri ünvanında yerləşən “Emil-N” istehsal-kommersiya şirkətinə məxsus pivə istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, yoxlama zamanı müəssisənin müvafiq icazə sənədi olmadan fəaliyyət göstərdiyi, istehsal prosesində isə qida təhlükəsizliyi tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb. Məlum olub ki, məhsulun qablaşdırılmasında istifadə edilən şüşə butulkalar açıq su hovuzunda antisanitar şəraitdə yuyulur.
Qanunvericiliyin tələbləri pozulmaqla istehsal olunmuş “Jiquli” əmtəə nişanlı pivə məhsulları aşkarlanaraq dövriyyəsinin qarşısı alınıb.
Faktla bağlı inzibati protokol tərtib edilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Regionlar 2026-08-03 17:24:00