×
A
A
A
Sazlamalar

İran XİN: ABŞ ilə danışıqlar aparılmır, Omanla Hörmüz ətrafında müzakirələr isə davam edir

Bakı, 3 avqust, AZƏRTAC

İran Xarici İşlər Nazirliyi avqustun 3-də bəyan edib ki, ABŞ ilə danışıqlar aparılmır və strateji su yolundan təhlükəsiz naviqasiyanı təmin etmək məqsədilə Hörmüz boğazında müvəqqəti marşrut yaratmaq üçün Omanla müzakirələr davam edir.
AZƏRTAC İran mediasına istinadla xəbər verir ki, mətbuat brifinqində çıxış edən Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Tehranın Maskat ilə danışıqlarının strateji su yolundan müvəqqəti gəmiçilik marşrutu yaratmağı hədəflədiyini deyib.
“Fars” xəbər agentliyinin məlumatına görə, XİN sözçüsü bildirib: “Omanla hazırkı müzakirələrimiz Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidini təmin etməyə yönəlib.
Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin edə bilmək üçün Omanla əməkdaşlıq şəraitində mümkün qədər tez vaxtda müvəqqəti marşrut yaratmaq üçün çalışırıq”.
Bəqai, həmçinin Tehran ilə Vaşinqton arasında danışıqlar barədə məlumatları təkzib edib. O əlavə edib ki, Hörmüz boğazındakı vəziyyət ABŞ-nin təcavüzkar hərəkətlərinin və blokadasının davam etdiyi müddətcə dəyişməyəcək.
Bazar günü ABŞ Prezidenti Donald Tramp İranla danışıqların bazar ertəsi günortadan sonra başlayacağını bildirib. O, Hörmüz boğazı və İranın nüvə proqramı ilə bağlı razılaşmanın tezliklə əldə edilə biləcəyinə dair nikbinliyini ifadə edib.

Dünya 2026-08-03 13:01:00