×
A
A
A
Sazlamalar

Emin Məmmədov: Faiq Əhməd Azərbaycan xalça sənətini müasir incəsənətin dili ilə dünyaya tanıdır

Bakı, 23 iyun, AZƏRTAC

“Eskizdən xalçaya” layihəsinin hazırlıq işlərinə iki il əvvəl başlanılıb. Azərbaycan xalçası hər birimiz üçün sadəcə sənət nümunəsi deyil, xalqımızın tarixini, mədəniyyətini və milli kimliyini özündə yaşadan dəyərli irsdir. Bu gün müasir rəssamlar həmin irsi yeni yanaşmalarla təqdim edərək onu çağdaş incəsənətin bir hissəsinə çevirirlər. Məhz buna görə də Əməkdar rəssam Faiq Əhmədin yaradıcılığı dünyanın müxtəlif qalereya və muzeylərində böyük maraqla qarşılanır.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov söyləyib.
Emin Məmmədov bildirib ki, kolleksiyada Azərbaycanın zəngin xalçaçılıq ənənələrini əks etdirən Quba və Qərbi Azərbaycan xalça məktəblərinə aid nümunələr yer alıb. Ənənəvi xalçalarımızın naxış və motivləri müasir incəsənətin dili ilə yenidən interpretasiya olunaraq XXI əsrin estetik baxışına uyğun təqdim edilib.
“Bu gün bizim üçün həm qürurverici, həm də həyəcanlı gündür. Azərbaycanı, onun zəngin mədəni irsini və xalçaçılıq sənətini beynəlxalq miqyasda uğurla təmsil edən sənətkarlarımızın olması böyük sevincdir. Faiq Əhməd kimi rəssamların fəaliyyəti Azərbaycan mədəniyyətinin dünyada daha geniş tanınmasına və nüfuzunun artmasına mühüm töhfə verir”, – deyə o vurğulayıb.

Müxbir - Günel Alıyeva
Fotomüxbir - Azər İbrahimov

Mədəniyyət 2026-06-23 23:00:00