×
A
A
A
Sazlamalar

Fransanın Baş naziri ölkəsinin növbəti il üçün büdcəsinin gecikməsi ilə əlaqədar xəbərdarlıq edib

Paris, 17 iyun, AZƏRTAC

Fransanın Baş naziri Sebastyan Lökornü 2027-ci il dövlət büdcəsinin vaxtında qəbul edilməməsinin ölkənin maliyyə vəziyyətinə ciddi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, büdcə qanunu 2027-ci ilin fevral ayına qədər təsdiqlənməsə, dövlət büdcəsi kəsiri ÜDM-in 6-7 faizi səviyyəsinə yüksələ bilər.
AZƏRTAC xəbər verir ki, fransız iş adamlarını birləşdirən təşkilatın nümayəndələri qarşısında çıxış edən Baş nazir bildirib ki, büdcə üzrə siyasi razılığın gecikməsi sənədin qəbulunu 2027-ci ilin payızına qədər təxirə sala bilər. Bu isə prezident seçkisi və mümkün parlament seçkisindən sonrakı dövrə təsadüf edəcək.
Hökumətin hədəfi 2027-ci ildə büdcə kəsirini ÜDM-in 5 faizi səviyyəsində saxlamaqdır. Müqayisə üçün qeyd olunur ki, 2025-ci ildə bu göstərici 5,1 faiz olub.
Sebastyan Lökornü iş adamlarını da prezidentliyə namizədlərin maliyyə vədlərini daha diqqətlə qiymətləndirməyə çağırıb.
Fransa hökuməti hazırda Milli Assambleyada sabit çoxluğa malik olmasa da, 2027-ci il büdcəsini mümkün qədər tez hazırlamağa çalışır. Baş nazir xüsusi büdcə qanunu variantını kifayət qədər effektiv hesab etmir və bildirir ki, dövlət maliyyəsinin sabitliyi üçün tamhüquqlu büdcənin vaxtında qəbul olunması vacibdir.
Hökumət, eyni zamanda, vergi artımına qarşı olduğunu bildirir və dövlət xərclərinin idarəedilməsində struktur islahatlara üstünlük verməyi planlaşdırır. İslahatların əsas istiqamətlərindən biri sosial sığorta və səhiyyə sistemində xərclərin optimallaşdırılması olacaq.
Rəsmi məlumatlara görə, Fransada sosial təminat sisteminin 2026-cı il üzrə kəsiri 23,2 milyard avroya çatacaq. Bu səbəbdən hökumət bəzi dərmanların kompensasiyası və xəstəlik məzuniyyətləri ilə bağlı xərclərin azaldılması imkanlarını parlamentdə müzakirəyə çıxarmağı nəzərdə tutur.

 

Dünya 2026-06-17 21:18:00