


Ukrayna Silahlı Qüvvələri Rusiyanın “kölgə donanması”na məxsus tankeri və iki körpünü vurub
Kiyev, 17 iyun, AZƏRTAC
Ukraynanın Müdafiə Qüvvələri Rusiyanın Qara dənizdəki “kölgə donanması”nın tankerini,eləcə də iki avtomobil körpüsünü və bir sıra komanda məntəqələrini vurub.
Bu barədə AZƏRTAC Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Telegram kanalına istinadla xəbər verir.
Hərbçilərin məlumatına görə, zərbələr iyunun 16-da və 17-nə keçən gecə endirilib.
Bildirilib ki, Qara dəniz akvatoriyasında Rusiyanın “kölgə donanması”na aid FINA A (IMO 9283306) tankeri vurulub. Həmin gəmi Avropa İttifaqı, İsveçrə, Böyük Britaniya, Kanada və Ukraynanın sanksiyalar siyahısına daxildir. Tanker beynəlxalq sanksiyalardan yan keçməklə Rusiyanın maraqları naminə neft və neft məhsullarının daşınmasında istifadə olunur. Gəminin uzunluğu 244,6 metr, ümumi tutumu isə 62 min 2 vahiddir. Dəymiş ziyanın miqyası dəqiqləşdirilir.
Ukrayna hərbçiləri, həmçinin Rusiya qüvvələrinin hərbi logistika və canlı qüvvənin daşınması üçün istifadə etdiyi obyektlərə zərbələr endiriblər. Belə ki, Stavki yaşayış məntəqəsi yaxınlığında Şimali Krım kanalı üzərində yerləşən, həmçinin Xerson vilayətinin Voinka yaşayış məntəqəsi yaxınlığındakı avtomobil körpüləri vurulub. Donetsk vilayətinin Velikaya Novosyolka qəsəbəsi ərazisində isə rusların komanda-müşahidə və idarəetmə məntəqələri məhv edilib.
Bundan başqa, Rusiya qoşunlarının pilotsuz uçuş aparatlarının idarəetmə məntəqələrinə də zərbələr endirilib. Həmin məntəqələr Zaporojye vilayətinin Kamenskoye və Novoprokopovka, Donetsk vilayətinin İvanopolye və Komar, Xerson vilayətinin Oleşko, Dnepropetrovsk vilayətinin Maleyevka, eləcə də Rusiyanın Kursk vilayətinin Korovyakovka və Kuçerov yaşayış məntəqələri yaxınlığında yerləşib.
Baş Qərargah vurğulayıb ki, Ukraynanın Müdafiə Qüvvələri Rusiya ordusunun ölkəyə qarşı döyüş əməliyyatları aparmaq imkanlarını sistemli şəkildə azaltmaqda davam edir.
Loran Vokye ilə bağlı araşdırma sənədini yoxlamaq üçün 500-ə yaxın könüllü səfərbər olub
Tramp: İran ilə müttəfiq olan Çinin və Rusiyanın liderləri çox vaxt münaqişədən kənarda dayanıblar
Fransanın Baş naziri ölkəsinin növbəti il üçün büdcəsinin gecikməsi ilə əlaqədar xəbərdarlıq edib
ABŞ Prezidenti: İranla müqavilə sabah və ya o biri gün imzalanacaq