×
A
A
A
Sazlamalar

Siyasi şərhçi: Azərbaycan qlobal təhlükəsizliyə töhfə verən əsas aktorlardan biridir

Bakı, 17 iyun, AZƏRTAC
Mövcud geosiyasi reallıqlar fonunda II Dünya müharibəsindən sonra formalaşmış BMT-nin nizamlı beynəlxalq münasibətlər sistemi ciddi sınaqlarla üzləşib, yeni dünya nizamının formalaşması istiqamətində proseslər isə sürətlənib. Bu şəraitdə Azərbaycanın balanslaşdırılmış xarici siyasəti, nəqliyyat qovşağı kimi strateji mövqeyi və Türk dünyasının inteqrasiyasına verdiyi töhfələr ölkəmizin qlobal təhlükəsizlik sistemində rolunu daha da gücləndirir.
Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib.
Onun sözlərinə görə, "soyuq müharibə"dən sonra beynəlxalq münasibətlərdə təkqütblü sistem hakim olsa da, yeni geosiyasi reallıqlarda çoxqütblü sistem ön plana çıxır. Xüsusilə Çinin supergüc olmağa namizədliyi fonunda qlobal rəqabət daha da kəskinləşir. Qlobal rəqabətin dərinləşməsi dövlətləri sərt seçim qarşısında qoyur və bu vəziyyət nə beynəlxalq təhlükəsizliyin, nə də dövlətlərin milli maraqlarına cavab verir. Mövcud şəraitdə təhlükəsizliyə töhfə verən, müxtəlif güc mərkəzləri arasında uzlaşdırıcı rol oynaya biləcək ölkələrdən biri məhz Azərbaycandır".
Siyasi şərhçi hesab edir ki, bunu bir neçə aspektdən qiymətləndirmək mümkündür: "Birinci amil Azərbaycanın həyata keçirdiyi "orta güc konsepsiyası"dır. ABŞ, Çin, Avropa və region ölkələri ilə bərabərhüquqlu tərəfdaşlıq münasibətləri Azərbaycanın qlobal rəqabətin bütün tərəfləri üçün etibarlı tərəfdaş kimi qəbul edilməsinə şərait yaradıb. Rəsmi Bakı bu üstünlüyündən rəqabəti dərinləşdirmək üçün deyil, ortaq maraqların uzlaşdırılması və qlobal təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə istifadə edir.
İkinci mühüm amil yeni dünya reallığında qlobal rəqabətin əsasən nəqliyyat dəhlizlərinə nəzarət uğrunda aparılmasıdır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərini birləşdirən strateji qovşaq kimi Avrasiyanın logistika xəritəsində mühüm mövqeyə malikdir. Bu reallıq ölkəmizi qlobal rəqabətin bütün tərəfləri üçün vacib tərəfdaşa çevirir və Azərbaycanın beynəlxalq təhlükəsizliyin təmin edilməsində təsir imkanlarını artırır".
A.Nərimanlı vurğulayıb ki, bütün bu amillər nəzərə alındıqda yeni beynəlxalq münasibətlər sistemində güc balansının formalaşmasında Azərbaycanın həlledici rola malik olduğu aydın görünür. Mövcud geosiyasi reallıqda Azərbaycan milli maraqların təmin olunması ilə yanaşı, qlobal təhlükəsizliyə töhfə vermək və Türk dünyasını qlobal güc mərkəzinə çevirmək strategiyasını da ardıcıl şəkildə həyata keçirir .
Siyasi şərhçi sonda qeyd edib ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı birləşdirici rol, eləcə də qlobal rəqabətin əsas istiqamətlərindən olan nəqliyyat dəhlizlərində strateji qovşaq mövqeyi Orta Dəhlizin perspektivlərini daha da gücləndirməklə yanaşı, bu coğrafiyada yerləşən Türk dünyasının geosiyasi güc mərkəzinə çevrilməsi imkanlarını da əhəmiyyətli dərəcədə artırır.

Müxbir - Səbinə Əlizadə

2026-06-17 17:58:00