×
A
A
A
Sazlamalar

BDU Qazaxıstanın Torayğırov Universiteti ilə əməkdaşlığa başlayır

Bakı, 17 iyun, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) və Qazaxıstan Respublikasının Torayğırov Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Sənədi BDU-nun rektoru Elçin Babayev və Torayğırov Universitetinin rektoru Nurlan Medetov imzalayıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, memorandum hər iki universitetin nəzdində fəaliyyət göstərən fakültə, institut və kolleclərdə təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu çərçivədə konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kurslar və təlimlərin təşkili, ortaq elmi tədqiqatların aparılması planlaşdırılır.
Sənəddə, həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik və inzibati heyətin, tələbələrin, magistrantların, doktorantların və tədqiqatçıların qarşılıqlı mübadiləsi kimi məsələlər əksini tapıb.

Elm və təhsil 2026-06-17 16:48:00