×
A
A
A
Sazlamalar

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Tbilisi, 13 iyun, AZƏRTAC
İyunun 13-də Marneulidə “Azərbaycan Evi” və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşəbbüsü və təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı tədbir və rəsm sərgisi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizin Gürcüstandakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Fuad Çıraqov, Azərbaycanın Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri, “Study in Azerbaijan” layihəsinin əməkdaşları, eləcə də GAİM-də təhsil alan tələbələr, şagirdlər və müəllimlər iştirak ediblər.
Tədbir xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
“Azərbaycan Evi”nin və GAİM-in direktoru Məhəbbət İmanov çıxışında bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası və inkişafında dönüş nöqtəsi olub. Xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə hökm sürən siyasi böhran və xaos aradan qaldırılıb, Azərbaycan sabitlik və tərəqqi yoluna qədəm qoyub.
Vurğulanıb ki, müasir Azərbaycanın əldə etdiyi nailiyyətlərin təməlində Ümummilli Liderin müəyyən etdiyi dövlətçilik konsepsiyası və inkişaf strategiyası dayanır. Bu siyasi kurs bu gün də uğurla davam etdirilir və Azərbaycan beynəlxalq aləmdə nüfuzunu artıraraq regionun aparıcı dövlətlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir.
Çıxışlar zamanı 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyi tarixində müstəsna yeri və əhəmiyyəti vurğulanıb, bu tarixi günün ölkədə ictimai-siyasi sabitliyin bərpasında, dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsində və davamlı inkişafın təmin olunmasında oynadığı mühüm rol diqqətə çatdırılıb.
İştirakçılar, xüsusilə də, gənclər tərəfindən böyük maraqla qarşılanan sərgi Milli Qurtuluş Gününün tarixi əhəmiyyətinin təbliği və vətənpərvərlik dəyərlərinin aşılanması baxımından mühüm əhəmiyyət kəsb edib.
Tədbir çərçivəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi Həcər Kələbiyeva və “Study in Azerbaijan” layihəsinin məsul əməkdaşı Şəbnəm Səfərovanın iştirakı ilə “Azərbaycanda təhsil imkanları” mövzusunda infosessiya keçirilib. Çıxışçılar ölkənin ali təhsil sistemi, mövcud təhsil proqramları və tələbələr üçün yaradılan imkanlar barədə ətraflı məlumat verərək təqdimatlar ediblər.
İnfosessiyanın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara Azərbaycanda təhsil imkanlarını əks etdirən məlumat materialları təqdim olunub.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

Cəmiyyət 2026-06-13 22:37:00