×
A
A
A
Sazlamalar

Mığrı Rayon İcması Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri təşkil edib

Bakı, 13 iyun, AZƏRTAC

İyunun 13-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Mığrı Rayon İcması 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib.
Qərbi Azərbaycan İcmasından AZƏRTAC-a verilən məlumata görə, tədbirdə icma rəhbərliyi, Mığrı şəhəri, Nüvədi, Aldərə, Tuğut, Lehvaz, Lök, Maralzəmi və Əkərək kəndlərindən olan icma üzvləri, ziyalılar, ağsaqqallar, ağbirçəklər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Toplantı Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra Mığrı rayonuna həsr olunmuş, Ümummilli Lider Heydər Əliyevin və ölkə başçısı İlham Əliyevin Qərbi Azərbaycanla bağlı çıxışlarının yer aldığı videoçarx nümayiş etdirilib.
Bayram tədbiri Qərbi Azərbaycanın zəngin musiqi irsini yaşadan “İrəvan” Xalq Çalğı Alətləri Ansamblının təqdim etdiyi musiqi proqramı ilə davam edib.
Tədbirin açılışında çıxış edən Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin tarixində müstəsna əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, 1988–1993-cü illərdə ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi vəziyyət yalnız Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra aradan qaldırılıb. Onun sözlərinə görə, məhz həmin dövrdən etibarən Azərbaycanda dövlət idarəçiliyi sistemi bərpa olunub, ölkədə sabitlik yaradılıb, qanunsuz silahlı birləşmələr ləğv edilib və dövlət quruculuğu prosesinə başlanılıb.
Əziz Ələkbərli bildirib ki, Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyası sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycanı güclü orduya, dayanıqlı iqtisadiyyata və beynəlxalq nüfuza malik dövlətə çevirib.
Çıxışında Mığrı rayonunun Qərbi Azərbaycan tarixində xüsusi yer tutduğunu qeyd edən Əziz Ələkbərli Nüvədi kəndinin deportasiya dövründə göstərdiyi müqavimətdən bəhs edib. O vurğulayıb ki, Nüvədi 1991-ci ilə qədər müqavimətini qoruyaraq Azərbaycan tarixində qəhrəman kənd kimi yadda qalıb. Ə.Ələkbərli Qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıdışının tarixi zərurət və beynəlxalq hüquqla təsbit olunmuş haqq olduğunu diqqətə çatdırıb. O bildirib ki, Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Qərbi Azərbaycana qayıdış konsepsiyası ardıcıl şəkildə həyata keçiriləcək və bu hüququn təmin olunması istiqamətində fəaliyyət davam etdiriləcək.
Daha sonra Mığrı Rayon İcmasının sədri, akademik Fikrət Əliyev çıxış edərək belə görüşlərin keçirilməsinin əsas məqsədinin Mığrı rayonundan olan soydaşları bir araya gətirmək, onların birliyini möhkəmləndirmək və doğma yurdla bağlı tarixi yaddaşı yaşatmaq olduğunu bildirib. O qeyd edib ki, Mığrı icması bu gün də dəyərlərinə, adət-ənənələrinə və doğma torpaqlara bağlılığını qoruyub saxlayır.
Akademik 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin taleyində həlledici rol oynadığını vurğulayaraq bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ölkəni dərin siyasi böhrandan və dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edib. Onun sözlərinə görə, məhz həmin dövrdən etibarən Azərbaycanda sabitlik bərqərar olub, dövlət quruculuğu prosesi sürətlənib və ölkənin gələcək inkişafının təməli qoyulub.
Fikrət Əliyev qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü və qüdrətli dövlət kimi inkişaf edir, ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. O, Qərbi Azərbaycana qayıdış ideyasının artıq ümummilli məqsədə çevrildiyini bildirərək, Mığrı sakinlərinin də bu ideyanın reallaşacağı günə böyük inamla hazırlaşdıqlarını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən sabiq millət vəkili, əslən Mığrı rayonunun Nüvədi kəndindən olan Musa Musayev isə Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında oynadığı tarixi roldan danışıb. O qeyd edib ki, 1991–1993-cü illərdə ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi vəziyyət Azərbaycanın müstəqilliyini ciddi təhlükə qarşısında qoymuşdu. Musa Musayev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni vətəndaş qarşıdurması və dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edərək sabitliyin və inkişafın əsasını qoyub.
Qərbi Azərbaycana qayıdış məsələsinə də toxunan Musa Musayev Mığrı icmasının bu istiqamətdə ən fəal icmalardan biri olduğunu vurğulayıb. O, xüsusilə Nüvədi kəndinin tarixi əhəmiyyətini qeyd edərək, gənclərin Qərbi Azərbaycan həqiqətlərinin təbliğində və yurd yaddaşının yaşadılmasında daha fəal iştirak etməsinin vacibliyini diqqətə çatdırıb.
Tədbir çərçivəsində rayonun ziyalıları, elm adamları, ictimai xadimləri, ağsaqqal və ağbirçəkləri çıxış edərək Mığrı rayonunun tarixi, mədəni irsi, doğma yurd yerləri ilə bağlı xatirələrini bölüşüblər. Çıxışlarda Qərbi Azərbaycan həqiqətlərinin gələcək nəsillərə çatdırılmasının vacibliyi, milli-mənəvi dəyərlərin qorunması və qayıdış ideyasının yaşadılması məsələlərinə xüsusi diqqət yetirilib.
Görüşdə gənclərin və qadınların icma həyatındakı rolu, gələcək fəaliyyət istiqamətləri, Mığrı rayonunun tarixi yaddaşının qorunması sahəsində həyata keçirilən təşəbbüslər barədə də fikir mübadiləsi aparılıb. Gənc iştirakçılar doğma yurdla bağlı düşüncələrini bölüşərək milli kimliyə bağlılıqlarını ifadə ediblər.
Tədbirin bədii hissəsində İrəvan Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Maya Qafarovanın rəhbərliyi ilə Qərbi Azərbaycana həsr olunmuş konsert proqramı, vətənpərvərlik mövzusunda musiqi və şeir nümunələri təqdim olunub, gənc istedadların çıxışları böyük maraqla qarşılanıb. Eyni zamanda, Qərbi Azərbaycan mövzusuna həsr olunmuş rəsm və sənət nümunələri nümayiş etdirilib.

Cəmiyyət 2026-06-13 21:45:00