


Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO
Bakı, 13 iyun, AZƏRTAC
İyunun 13-də Səhiyyə Nazirliyi və Respublika Qan Bankının birgə təşkilatçılığı ilə Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin, ərazi bütövlüyümüz və suverenliyimiz naminə canlarından keçmiş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Səhiyyə Nazirliyi Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev, nazirliyin səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktorunun birinci müavini Zöhrə Əlimirzəyeva qan donorluğunun insan həyatının xilas edilməsində əvəzsiz rol oynadığını vurğulayıblar. Bildirilib ki, Azərbaycanda qan xidmətinin inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səhiyyə siyasətinin mühüm istiqamətlərindən biridir. Qeyd olunub ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan humanitar layihələr minlərlə xəstənin həyatına müsbət təsir göstərib. Xüsusilə Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı donor hərəkatının genişlənməsinə, qan ehtiyatlarının artırılmasına və könüllü donorluq mədəniyyətinin formalaşmasına mühüm töhfə verib. Donorların fədakarlığının cəmiyyətdə humanizm, həmrəylik və sosial məsuliyyət dəyərlərinin güclənməsinə xidmət etdiyi diqqətə çatdırılıb.
Tədbirdə son illərdə ölkədə qan donorlarının sayının davamlı şəkildə artdığı qeyd olunub. Qan xidmətinin modernləşdirilməsi, müasir laboratoriyaların yaradılması və qabaqcıl texnologiyaların tətbiqi təhlükəsiz qan təminatını daha da gücləndirib. Xüsusilə talassemiya, hemofiliya, onkoloji və hematoloji xəstəliklərdən əziyyət çəkən pasiyentlərin müalicəsində qan və qan komponentlərinin həyati əhəmiyyəti vurğulanıb. Çıxışçılar bildiriblər ki, ən müasir avadanlıqlar belə, donorların fədakar dəstəyi olmadan qan xidmətinin fəaliyyətini təmin edə bilməz və bu səbəbdən könüllü donorluğun təşviqi prioritet olaraq qalır.
Sonra Respublika Qan Bankının fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Daha sonra könüllü qan donorluğunun təşviqi, cəmiyyətin sağlamlığına göstərilən həssas münasibət və həyata keçirilən sosial təşəbbüslərə verilən dəstəyə görə ayrı-ayrı qurumlar və göstərdikləri humanist mövqe və könüllü qan donoru olmaqla insan həyatının xilasına verilən töhfəyə görə donorlar təltif ediliblər.
Təltif olunanlar arasında AZƏRTAC da yer alıb.
Tədbirdə, həmçinin bədii hissə nümayiş etdirilib.
Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər
Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO
Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb
Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək