×
A
A
A
Sazlamalar

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq

Naxçıvan, 13 iyun, AZƏRTAC

Ölkədə təmayül tədris məktəblərinin formalaşdırılması Naxçıvan Muxtar Respublikasında da tətbiq ediləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov jurnalistlərə müsahibəsində deyib.
Nazir bildirib ki, yaxın illərdə yuxarı siniflərdə şagirdlərin ixtisas seçimlərinə uyğun olaraq təmayül siniflərinin formalaşdırılması planlaşdırılır: "Bu məktəblərdə şagirdlər xüsusi tədris planı ilə ali təhsil müəssisələrində seçəcəkləri ixtisas istiqamətinə uyğun daha məqsədyönlü hazırlıq keçə biləcəklər. Hazırda həmin məktəblərin müəyyənləşdirilməsi, şagird və müəllim qəbulu ilə bağlı hazırlıq tədbirləri görülür. Məqsəd gələcəkdə şagirdlərimizin maraq və bacarıqlarına uyğun daha keyfiyyətli təhsil imkanları yaratmaqdır".
Nazir qeyd edib ki, bu modelə keçid təxminən 2028-ci tədris ilində həyata keçiriləcək.

Müxbir- Nail Əsgərov

Regionlar 2026-06-13 11:48:00