×
A
A
A
Sazlamalar

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, 13 iyun, AZƏRTAC

İyunun 13-də Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərində 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə “Son zəng” tədbirləri keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu il Xankəndi şəhərindəki 4 nömrəli tam orta məktəbindən 32, Xocalının Ballıca kənd tam orta məktəbindən 15, Xocalı şəhər 1 nömrəli tam orta məktəbindən 6, Ağdərə rayonunda fəaliyyət göstərən Vəngli tam orta məktəbindən 3, Həsənriz tam orta məktəbindən isə 4 şagird məzun olub.
“Son zəng” tədbirində çıxış edənlər məzunları təbrik edib, onların Qarabağ torpağında “Son zəng” sevincini yaşamalarını tarixi hadisə adlandırıblar. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində müasir təhsil infrastrukturu yaradılıb, yeni məktəb binaları tikilib, mövcud təhsil ocaqları əsaslı təmir və bərpa olunub. Dövlət tərəfindən şagirdlərin keyfiyyətli təhsil alması üçün hər cür şərait yaradılıb, məktəblər müasir avadanlıqlarla təchiz edilib və təhsil mühitinin daha da inkişaf etdirilməsi istiqamətində ardıcıl işlər görülür.
Qeyd edək ki, "Son zəng" tədbirində Dövlət Himni səsləndirilib, bədii-kompozisiyalar nümayiş olunub.

Müxbir – Tahir Ağaməmmədov

Regionlar 2026-06-13 13:57:00

Video