


Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR
Qusar, 13 iyun, AZƏRTAC
2025–2026-cı tədris ilində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə 5 min 935 nəfər şagird məzun olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Qusar rayonu Hil kəndi Kərim Kərimov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən "Son zəng" tədbirində məlumat verilib.
Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdiri Leyla Xəlilova Rzazadə bildirib ki, Azərbaycanda elmə, təhsilə, texnoloji inkişafa çox böyük əhəmiyyət verilir: “Təhsilin maddi-texniki bazası möhkəmlənir, keyfiyyəti yaxşılaşır, bu sahəyə investisiyalar qoyulur. Ölkəmizdə dövlət tərəfindən təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir”.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov bildirib ki, Azərbaycanda vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsi olan təhsilə xüsusi həssaslıqla yanaşılır, təhsilin inkişafı naminə mühüm addımlar atılır: “Təhsil sahəsində görülən işlər, qazanılan uğurlar növbəti illərdə də dövlətimizin daha yüksək nailiyyətlər əldə edəcəyinə təminat verir”.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev təhsil sahəsində əldə olunan nailiyyətlərdən danışaraq, gənclərin vətənpərvər, savadlı və məsuliyyətli vətəndaş kimi formalaşmasının vacibliyini vurğulayıblar.
Tədbirdə məktəbin direktoru Kamran Tahirov, şəhid bacısı Albina Ramazanova çıxış edərək məzunlara uğurlar arzulayıblar.
Bildirilib ki, bu il 2025-2026-cı təhsil ilində Hil kəndi Kərim Kərimov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində 621 şagird təhsil alıb. Bu il buraxılış və qəbul imtahanlarında 11-ci sinifdən 8 nəfər, 9-cu sinifdən isə 4 nəfər 200 baldan çox nəticə göstərib. Respublika Fənn Olimpiadalarında (RFO) Qusar rayonu üzrə finala yüksələn altı nəfərdən 5-i məhz bu məktəbin şagirdidir. Məktəbin şagirdi Qəhrəman Məlikov isə RFO-da coğrafiya fənni üzrə ardıcıl ikinci dəfə qızıl medala layiq görülüb.
Tədbir şagirdlərin hazırladıqları bədii-kompozisiyalar, musiqi nömrələri və rəqs çıxışları ilə davam edib.
Müxbir - Elxan Yusifli
Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb
Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur
Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb
Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb
Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO