×
A
A
A
Sazlamalar

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

Şuşa, 13 iyun, AZƏRTAC
Qlobal iqtisadiyyatın sürətlə dəyişdiyi və rəqabət mühitinin getdikcə mürəkkəbləşdiyi müasir dövrdə müvafiq sahə üzrə effektiv tənzimləmələrin rolu daha da artır. Bazarlarda rəqabət prinsiplərinin qorunması sahibkarların maneəsiz fəaliyyətinin təmin olunması, istehlakçı rifahının yüksəldilməsi, eləcə də innovasiyaların təşviqi və uzunmüddətli tərəqqi üçün zəmin yaradır. Bu baxımdan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin və koordinasiyanın möhkəmləndirilməsi xüsusi strateji əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bunu Şuşada keçirilən Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin Rəqabət Forumunda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov deyib.
Elnur Bağırov bildirib ki, ortaq sivilizasiya və ticari-iqtisadi bağlar ölkələr arasında təcrübə mübadiləsini, birgə yanaşmaların tətbiqini və təşkilati əlaqələrin genişlənməsini şərtləndirir: “Bu xüsusda 2024-cü ildə Türkiyədə, ötən il isə Macarıstanda keçirilən TDT ölkələrinin rəqabət qurumu rəhbərlərinin iclaslarında ticarət, nəqliyyat, rəqəmsal transformasiya, enerji, turizm, təhsil, mübadilə proqramları və digər sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlıqların möhkəmləndirilməsi məsələlərinə diqqət çəkilməsi təsadüfi deyil. TDT rəqabət qurumları rəhbərlərinin III İclası və Rəqabət Forumu ortaq baxışlarımızın, ortaq iradəmizin və ortaq gələcək hədəflərimizin ifadə olunduğu müstəvidir. Əminəm ki, bu platformada müzakirə edilən məsələlər TDT-yə üzv ölkələrin rəqabət sahəsində əməkdaşlıq gündəliyinin yeni məzmunla zənginləşdirilməsinə mühüm töhfə verəcək” - deyə, Elnur Bağırov bildirib.

Müxbir – Tahir Ağaməmmədov

Regionlar 2026-06-13 10:44:00