×
A
A
A
Sazlamalar

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Naxçıvan, 12 iyun, AZƏRTAC

İyunun 12-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş simfonik konsert proqramı təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsert Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin təqdimatında baş tutub.
Tədbiri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, dövlət və hökumət rəsmiləri, deputatlar, universitetin professor–müəllim heyəti, tələbələr və ictimaiyyət nümayəndələri izləyiblər.
Konsertdən əvvəl 15 İyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini əks etdirən videoçarx nümayiş olunub. Daha sonra Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev çıxış edərək Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə baş verən ictimai-siyasi proseslərə, həmin dövrün dövlətçilik baxımından xarakterik xüsusiyyətlərinə və 15 İyun hadisələrinin tarixi kontekstinə nəzər salıb. Çıxışda 1990-cı illərin əvvəllərində mövcud olan siyasi və ictimai şərait, dövlət institutlarının formalaşması prosesi, habelə ölkənin sonrakı inkişaf mərhələlərinə təsir göstərən əsas amillər barədə tarixi-maarifləndirici məlumat verilib. Milli Qurtuluş Gününün Azərbaycan dövlətçilik tarixindəki yeri və bu tarixlə bağlı formalaşmış elmi-tarixi yanaşmalar diqqətə çatdırılıb.
Konsert proqramında tanınmış bəstəkarlar Cahangir Cahangirov, Ramiz Mirişli, Polad Bülbüloğlu və Riçard Ştrausun əsərləri və Orkestrin repertuarında yer alan bir sıra sevilən musiqilər səsləndirilib. Proqram çərçivəsində solistlər, Əməkdar artistlər və Prezident mükafatçıları çıxış edərək tamaşaçılara zəngin musiqi axşamı bəxş ediblər.

Müxbir - Nail Əsgərov

Regionlar 2026-06-12 21:45:00