


Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir
Bakı, 12 iyun, AZƏRTAC
1919-cu ildə yaradılmış və ölkəmizin ilk ali təhsil müəssisəsi kimi tanınmış Bakı Dövlət Universiteti hazırda Azərbaycan elminin, təhsilinin və ictimai fikir tarixinin ən nüfuzlu mərkəzlərindən biridir. Bu ali təhsil ocağı yalnız yüksəkixtisaslı mütəxəssislər yetişdirməklə kifayətlənmir, eyni zamanda, gənclərdə vətənpərvərlik ruhunu, dövlətçilik təfəkkürünü, qanuna hörmət hissini, insan ləyaqətinə ehtiramını və cəmiyyət qarşısında məsuliyyət duyğusunu formalaşdırır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva BDU-nun “Məzun günü”ndə deyib. O bildirib ki, BDU-nun məzunu olmaq həm qürur, həm də şərəfdir: “Mən həmişə Bakı Dövlət Universitetinin məzunu olmaqla fəxr etmişəm və hər zaman bunu bütün kürsülərdən qürur hissi ilə səsləndirmişəm. Eyni zamanda, bu ad hər birinizdən yüksək bilik, peşəkarlıq, məsuliyyət və vətəndaş mövqeyi tələb edir. Bu gündən etibarən qarşınızda yeni imkanlar və yeni üfüqlər açılır. Hansı sahədə çalışmağınızdan asılı olmayaraq, BDU-da qazandığınız bilik, bacarıq və dəyərlər gələcək fəaliyyətinizdə sizə etibarlı yol göstərəcək. Müasir dövrdə gənc mütəxəssislərdən yalnız savad və peşəkarlıq gözlənilmir. Onlar həm də ədalətli düşünməli, qanunun aliliyinə hörmət etməli, insan hüquq və azadlıqlarına həssas yanaşmalı, cəmiyyətdə qarşılıqlı hörmət və məsuliyyət mədəniyyətinin möhkəmlənməsinə töhfə verməlidirlər. Gələcəyin mütəxəssisləri olaraq ölkəmizin inkişafında, cəmiyyətimizin daha da güclənməsində öz töhfənizi verməlisiniz. Bunun üçün daim öyrənmək, yeniliklərə açıq olmaq, öz üzərinizdə çalışmaq və peşə fəaliyyətinizdə dürüstlük, etika əsas tutmaq vacibdir”.
Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq
Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub
Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub
Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır