


Rafiq Aslanov: Qarabağda su və torpaq ehtiyatlarından daha səmərəli istifadə üçün geniş infrastruktur layihələri icra olunur
Bakı, 12 iyun, AZƏRTAC
Azərbaycanın kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı əvvəlki subsektor proqramlarından fərqli olaraq aqrar sahəyə kompleks yanaşmanı özündə ehtiva edir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov deyib.
O qeyd edib ki, proqramın əsas məqsədi kənd təsərrüfatında intensiv istehsalın və məhsuldarlığın artırılması, ixracyönümlü fəaliyyətlərin təşviqi, həmçinin dövlət və özəl sektor əməkdaşlığının gücləndirilməsidir. Proqram çərçivəsində ayrı-ayrı sahələrin deyil, bütövlükdə aqrar sektorun dəyər zənciri üzrə inkişafı nəzərdə tutulur.
Rafiq Aslanov bildirib ki, Azərbaycanın su ehtiyatlarının təxminən 30 faizi vaxtilə işğal altında olmuş ərazilərdə formalaşır. Həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma layihələri çərçivəsində su anbarları, magistral kanallar və paylayıcı şəbəkələr yaradılır ki, bu da su və torpaq ehtiyatlarından daha səmərəli istifadəyə imkan verəcək.
Xidmət rəisinin sözlərinə görə, Ağdam, Füzuli və Xocavənd rayonları aqrar inkişaf baxımından ən perspektiv bölgələr sırasındadır. Hazırda 95 min hektardan çox əkinəyararlı torpaq sahəsinin vətəndaşların və sahibkarların istifadəsinə verilməsi nəzərdə tutulur. Sahibkarların istifadəsinə ayrılmış 50 min hektar torpaq sahəsinin isə artıq 24 min hektarı istifadəyə hazır vəziyyətə gətirilib.
Rafiq Aslanov sahibkarları dövlət tərəfindən yaradılan imkanlardan yararlanaraq layihələrdə fəal iştirak etməyə çağırıb. O qeyd edib ki, həyata keçirilən tədbirlər həm kənd təsərrüfatının inkişafına, həm də işğaldan azad olunmuş ərazilərin sosial-iqtisadi dirçəlişinə və əhalinin doğma torpaqlara qayıdışına mühüm töhfə verəcək.
Balakəndə möhtəşəm konsert proqramı
Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA