


AQTA sədri sahibkarlara müraciət edib: Məhsullarınızı Çin bazarına yönəldin
Pekin, 12 iyun, AZƏRTAC
Bizim Çinə üçgünlük səfər çərçivəsində Çinin müvafiq qurumları ilə silsilə görüşlərimizin nəticəsi olaraq 3 protokol imzalandı. Bununla da Azərbaycanın quşçuluq məhsullarının, o cümlədən ərzaqlıq yumurtanın və digər quşçuluq məhsullarının, akvakulturalarda yetişdirilən balıq və balıqçılıq məhsullarının, vəhşi təbiətdə olan dənizçilik məhsullarının Çinə maneəsiz ixracının həyata keçirməsinə dair razılıq əldə olunub.
Bu fikirləri Çində səfərdə olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli AZƏRTAC-a açıqlaması zamanı bildirib.
Azərbaycanın müvafiq sahədə fəaliyyət göstərən sahibkarlıq strukturlarına müraciət edən Qoşqar Təhməzli şirkətləri yaranmış imkanlardan istifadə edərək, Azərbaycanın adıçəkilən məhsullarını böyük Çin bazarına ixrac istiqamətinə yönəltməyə çağırıb.
AQTA sədri Çinin müvafiq qurumları ilə görüşlərdə bundan öncə fındıq və badam məhsullarının Çinə ixracı məsələsində olduğu kimi digər kənd təsərrüfatı məhsullarının da ixracının həyata keçirilməsi ilə əlaqədar prosedurların daha da sadələşdirilməsi və asanlaşdırılması istiqamətində razılıq əldə edildiyini deyib.
“Bizim üçün maraqlı məsələlər əsasən bitkiçilik məhsullarının, xüsusilə də meyvə və tərəvəzin çox böyük bazar olan Çinə ixracının sadələşdirilməsini əldə etməkdir”, - deyə Qoşqar Təhməzli bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına səfəri çərçivəsində Baş Gömrük Administrasiyasının və Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyasının rəhbərliyi ilə görüşlər keçirib. Səfər zamanı AQTA ilə Çin Baş Gömrük Administrasiyası arasında Çinə vəhşi su mühiti və yetişdirilmə (akvakultura) su mühiti məhsullarının ixracı üzrə inspeksiya və karantin tələblərinə dair protokol, habelə Çinə quş ətinin ixracı üzrə inspeksiya, karantin və qida təhlükəsizliyi tələblərinə dair protokol imzalanıb. Bu sənədlər quş əti və digər quşçuluq məhsullarının, akvakulturada yetişdirilən və vəhşi təbiətdən əldə olunan dəniz məhsullarının Çin bazarına ixracı üçün hüquqi əsas verərək yerli məhsulların ixracında maraqlı olan sahibkarlar üçün də yeni imkanlar açır.
Yunanıstan 2027-ci ilin sonunadək Rusiya qazından tam imtina etməyi planlaşdırır