


Yunanıstan 2027-ci ilin sonunadək Rusiya qazından tam imtina etməyi planlaşdırır
Afina, 12 iyun, AZƏRTAC
Yunanıstan Rusiya qazından asılılığını sürətlə azaltmaqla enerji təhlükəsizliyini gücləndirmək və təchizat mənbələrini diversifikasiya etmək siyasətini davam etdirir.
AZƏRTAC “Mediafax” xəbər agentliyinin səhifəsində dərc olunan məqaləyə istinadən xəbər verir ki, ölkə 2027-ci ilin sonunadək Rusiya qazından tamamilə imtina etməyi qarşısına məqsəd qoyub.
Məqalədə qeyd olunur ki, 2026-cı ilin ilk beş ayında mayeləşdirilmiş təbii qaz (LNG) Yunanıstanın daxili qaz tələbatının əsas hissəsini qarşılayıb. Bu dövrdə LNG-nin payı 64,3 faizə çatdığı halda, Rusiya qazının payı əhəmiyyətli dərəcədə azalaraq 24,4 faizə düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyadan qaz idxalı təxminən 40 faiz azalıb.
Məlumatda bildirilir ki, Yunanıstanın enerji strategiyasının əsas istiqamətlərindən biri müxtəlif mənbələrdən qaz tədarükünü artırmaqdır. Bu çərçivədə ABŞ-dən gətirilən mayeləşdirilmiş təbii qazın həcmi artıb və bəzi dövrlərdə ölkənin LNG idxalının 80 faizini təşkil edib. Revitusa terminalı və Aleksandrupolisdə fəaliyyət göstərən üzən qaz saxlama və yenidən qazlaşdırma qurğusu ölkənin enerji infrastrukturunda mühüm rol oynayır.
Məqalədə Azərbaycanın da Yunanıstanın enerji təminatında mühüm tərəfdaş olduğu vurğulanır. Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan nəql edilən qaz Yunanıstanın enerji balansında əhəmiyyətli yer tutur və ölkənin təchizat mənbələrinin şaxələndirilməsinə töhfə verir. Bununla belə, cari ilin ilk aylarında Azərbaycan qazının payında müəyyən azalma müşahidə olunub.
Təhlildə qeyd olunur ki, Yunanıstan təkcə öz enerji təhlükəsizliyini gücləndirmir, eyni zamanda, Balkan regionunda mühüm enerji qovşağına çevrilir. 2026-cı ilin ilk beş ayında ölkədən qonşu dövlətlərə qaz ixracı dörd dəfə artaraq rekord səviyyəyə yüksəlib. İxrac edilən qazın böyük hissəsi Balkan ölkələrinə yönəldilib.
Vurğulanır ki, Yunanıstanın həyata keçirdiyi siyasət Avropa İttifaqının 2027-ci ilə qədər Rusiya qazından tam imtina strategiyası ilə üst-üstə düşür. Son illərdə Avropa ölkələri enerji mənbələrinin şaxələndirilməsi, LNG terminallarının genişləndirilməsi və alternativ təchizat marşrutlarının inkişafı istiqamətində səylərini artırıblar.
Məqalədə bildirilir ki, Yunanıstanın enerji sektorunda həyata keçirdiyi transformasiya ölkənin regional rolunu gücləndirməklə yanaşı, Şərqi Aralıq dənizi və Balkanlarda enerji təhlükəsizliyinin təmin edilməsində də əhəmiyyətli rol oynayır. Ekspertlərin fikrincə, qarşıdakı illərdə Yunanıstanın enerji infrastrukturu və beynəlxalq qaz əlaqələri regionun enerji xəritəsində strateji əhəmiyyətini daha da artıracaq.
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək