


Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ
Bakı, 12 iyun, AZƏRTAC
Artan iqlim çağırışları və su ehtiyatları qıtlığı fonunda su təhlükəsizliyi məsələləri dövlətlərin davamlı inkişafında əsas amillərdən birinə çevrilir. Beynəlxalq təşkilatların qiymətləndirmələrinə görə, artıq yaxın onilliklərdə su çatışmazlığı milyardlarla insana təsir göstərə bilər, su ehtiyatlarının effektiv idarə olunması isə təkcə ekoloji deyil, həm də iqtisadi zərurətə çevriləcək.
İqlim dəyişikliyinin artan təzyiqi ilə üzləşən bir bölgədə yerləşən Azərbaycan üçün su infrastrukturunun modernləşdirilməsi, sudan istifadənin səmərəliliyinin artırılması və innovativ texnologiyaların tətbiqi xüsusilə aktualdır. Ölkədə davamlı inkişaf sahəsində genişmiqyaslı layihələr həyata keçirilir, COP29-un keçirilməsindən sonra isə iqlim dəyişikliyinə uyğunlaşma və təbii sərvətlərin rasional istifadəsi məsələlərinə diqqət əhəmiyyətli dərəcədə artmışdır.
Su texnologiyaları və su ehtiyatlarının idarə olunması üzrə beynəlxalq ekspert, su infrastrukturunun modernləşdirilməsi üzrə mütəxəssis, fəaliyyəti su təchizatı və çirkab sularının utilizasiyası sistemləri üçün həllərin hazırlanması ilə əlaqəli olan “Wilo Group” şirkətinin nümayəndəsi Yeva Kerstholt AZƏRTAC-a verdiyi müsahibədə müasir texnologiyaların su problemlərinin həllinə necə kömək edə biləcəyi, hansı beynəlxalq təcrübələrin diqqətəlayiq olduğu və su sektorunun qlobal iqlim məqsədlərinə çatmaqda hansı rol oynadığı barədə danışıb.
- Su təhlükəsizliyi XXI əsrin əsas problemlərindən birinə çevrilir. Sizin fikrinizcə, getdikcə daha qeyri-sabit iqlim şəraitində dayanıqlı su sistemləri yaratmağa çalışan hökumətlər və biznes üçün ən vacib prioritetlər hansılardır?
- BMT-nin Su Hesabatına görə, 2050-ci ilə qədər 5 milyard insan su qıtlığından əziyyət çəkəcək. Artıq təxminən 800 milyon insan əsas içməli su və sanitariya şəraitindən məhrumdur. Su təchizatı və çirkab sularının təmizlənməsi, xüsusən də inkişaf etməkdə olan ölkələrin sürətlə böyüyən meqapolislərində ciddi çətinliklər yaradır.
Xəzər bölgəsi su qıtlığı yaşayır və su təhlükəsizliyi gündəmdəki prioritetlər sırasındadır. Cənubi Qafqaz kimi bölgələrdə iqlim dəyişkənliyindən, Kür və Araz kimi transsərhəd çayların axınının azalmasından və şəhərlərdən və kənd təsərrüfatından artan tələbatdan əlavə təzyiq müşahidə edirik. Bu, su idarəçiliyini təkcə ekoloji məsələ deyil, həm də uzunmüddətli sabitlik və iqtisadi inkişaf üçün strateji prioritetə çevirir.
Suya çıxış birbaşa sosial-iqtisadi inkişafı müəyyən edir. Əgər çıxış daha da məhdudlaşdırılarsa - istər həddindən artıq istifadə, istər çirklənmə, istərsə də iqlim dəyişikliyi səbəbindən - nəticələr iqtisadi məhsuldarlığın azalmasından tutmuş sosial gərginliklərə qədər dəyişə bilər.
- Azərbaycan getdikcə daha çox davamlı inkişafa və ətraf mühitin qorunmasına diqqət yetirir. Müasir su texnologiyaları ölkənin uzunmüddətli iqtisadi və ekoloji məqsədlərinin dəstəklənməsində hansı rol oynaya bilər?
- Müasir su texnologiyaları, xüsusən də söhbət suyun istifadə edilməsinin səmərəliliyi və resursların davamlı idarə olunmasından getdikdə, Azərbaycanın iqtisadi və ekoloji ambisiyalarının dəstəklənməsində mühüm rol oynayır.
Ən əsas sahələrdən biri kənd təsərrüfatıdır, su istehlakının əksəriyyəti onun payına düşür. Müasir nasos sistemləri, intellektual paylama və rəqəmsal monitorinq vasitəsilə suvarma səmərəliliyinin artırılması, eyni zamanda, enerji istehlakını azaltmaqla yanaşı, kənd təsərrüfatı məhsuldarlığını əhəmiyyətli dərəcədə artıra bilər. Yüksək səmərəli sistemlər həm əməliyyat xərclərini azaldır, həm də xüsusilə qlobal enerji keçidi kontekstində Azərbaycanın daha geniş davamlı inkişaf məqsədlərinin nail olunmasına töhfə verir.
Eyni zamanda, çirkab sularının təmizlənməsi üzrə qabaqcıl texnologiyalar suyun ətraf mühitə təhlükəsiz şəkildə qaytarılmasına imkan verir. Hazırda kommunal xidmətlərlə birlikdə təmizləyici qurğuların dizaynı və təchiz edilməsi üzərində işləyirik ki, axıdılmasından sonra təmizlənmiş suyun keyfiyyətinin ətraf mühit üçün mümkün qədər təhlükəsiz olmasını təmin edək, eyni zamanda, stansiyanın istismarının ümumi dəyəri də nəzərə alınır. Biz, həmçinin suvarma üçün təkrar istifadə məqsədilə yararlı suyun keyfiyyətini təmin edən MBR və ya SBR sistemləri kimi qabaqcıl təmizləmə texnologiyaları təklif edirik. Bu, su dövranını tamamlayır və şirin su ehtiyatlarına yükü azaldır.
- Azərbaycan “ağıllı şəhərlər” və dayanıqlı şəhər layihələrini fəal şəkildə inkişaf etdirir. Beynəlxalq təcrübəyə əsasən, hansı nəticələr sürətlə müasirləşən şəhərlər üçün xüsusilə faydalı ola bilər?
- Azərbaycanın “ağıllı şəhərlər”i və müasir şəhər infrastrukturunu inkişaf etdirmək səyi tam vaxtındadır, çünki urbanizasiya həm qlobal miqyasda, həm də regionda sürətlənməkdə davam edir.
Beynəlxalq təcrübə göstərir ki, əsas nəticələrdən biri ondan ibarətdir ki, ağıllı şəhərlər bir günə yaradılmır - onlar uzunmüddətli baxış, davamlı uyğunlaşma və dövlət və özəl sektorlar arasında sıx əməkdaşlıq tələb edir.
Daha geniş səviyyədə “süngər-şəhərlər” konsepsiyası populyarlıq qazanır. Bu sistemlər yağış suyunu toplamaq, saxlamaq və sonra quraqlıq dövrlərində istifadə etmək üçün nəzərdə tutulub. Bu da şəhərlərə həm daşqınlar, həm də su çatışmazlığının öhdəsindən daha yaxşı gəlməyə kömək edir.
Xüsusilə Xəzər bölgəsindəki şəhərlər üçün “ağıllı” infrastruktur, suyun təkrar istifadə edilməsi və iqlimə həssas layiləşdirilməsinin birləşməsi şəhərlərin dayanıqlığını əhəmiyyətli dərəcədə artıra bilər. Nəticədə, ən böyük effekt texnologiyalar dəqiq strategiya və effektiv reallaşdırma birləşdirildikdə əldə edilir. Bu baş verdiyi yerdə dayanıqlıq və həyat keyfiyyətində ölçülə bilən irəliləyişlər görürük.
- Azərbaycan BMT-nin COP29 iqlim konfransına ev sahibliyi edərək qlobal iqlim fəaliyyətinə sadiqliyini vurğulayıb. Beynəlxalq iqlim məqsədlərinə çatmaq üçün su sektoru nə dərəcədə vacibdir və gələcək davamlı inkişaf strategiyalarında hansı rol oynamalıdır?
- Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkənin qlobal iqlim dialoqunda mühüm iştirakçı olduğunu təsdiq etdi. Su mövzusu gələcəkdə bu davamlı inkişaf gündəliyində mərkəzi yer tutmalıdır.
Su, xüsusən də iqlim dəyişikliyinin təsirinə məruz qalan bölgələrdə strateji ehtiyata çevrilir. İqlim məqsədlərinə çatmaq üçün hərtərəfli yanaşma tələb olunur. Buraya su sistemlərinin enerji səmərəliliyinin artırılması, suyun təkrar istifadəsinin genişləndirilməsi, davamlı kənd təsərrüfatının təşviqi və “su-enerji” qarşılıqlı əlaqəsinin gücləndirilməsi daxildir.
Azərbaycan üçün COP29-dan sonra qlobal öhdəlikləri infrastruktur, səmərəlilik və dayanıqlılıqda konkret, ölçülə bilən irəliləyişlərə çevirmək üçün açıq imkan yaranır. Çünki iqlim tədbirləri yalnız təcrübədə həyata keçirildikdə reallığa çevrilir və su ən güclü başlanğıc nöqtələrindən biridir. “Wilo” şirkəti Azərbaycana dərindən inteqrasiya olmasından və gələcək nəsillər üçün ağıllı və dayanıqlı su həllərinin hazırlanmasında etibarlı tərəfdaşlıqdan qürur duyur.
Müəllif - Tamilla Məmmədova
AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb