


® “TuranBank” gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib
Fəaliyyətində gender bərabərliyi prinsiplərini və qadınların maliyyə imkanlarının genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyən edən “TuranBank” ASC beynəlxalq tərəfdaşlarla əməkdaşlığını uğurla davam etdirir. Bank bu istiqamətdə növbəti mühüm addımı ataraq, Belçikanın nüfuzlu Incofin İnvestisiya Fondu ilə əməkdaşlıq çərçivəsində "Global Gender-Smart Fund S.A., SICAV" (GGSF) fondundan 3 il müddətinə 5 milyon dollar ekvivalentində yerli valyutada maliyyə vəsaiti cəlb edib.
Cəlb olunan vəsait regionlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq (KOB) subyektlərinin maliyyələşdirilməsinə yönəldiləcək. Maliyyə xətti çərçivəsində xüsusilə qadınların rəhbərlik etdiyi və ya onlara məxsus bizneslərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Bu isə qadın sahibkarların biznes fəaliyyətinin inkişafına, yeni iş yerlərinin yaradılmasına və ölkədə inklüziv iqtisadi artımın sürətlənməsinə töhfə verəcək.
Qadınların iqtisadi fəallığının artırılması və maliyyə resurslarına bərabər çıxış imkanlarının təmin edilməsi dayanıqlı inkişafın əsas şərtlərindən biri hesab olunur. Beynəlxalq təcrübə göstərir ki, qadın sahibkarlığının dəstəklənməsi iqtisadiyyatın şaxələndirilməsinə, innovasiyaların təşviqinə və sosial rifahın yüksəlməsinə mühüm təsir göstərir. “TuranBank” da öz fəaliyyətində bu prinsipləri rəhbər tutaraq gender bərabərliyinin təşviqinə və qadınların iqtisadi imkanlarının genişləndirilməsinə xüsusi önəm verir. Eyni zamanda, cəlb olunan vəsait sahibkarlıq subyektlərinin yerli valyutada uzunmüddətli maliyyə resurslarına çıxışını genişləndirməklə onların valyuta risklərindən qorunmasına və maliyyə dayanıqlığının artırılmasına xidmət edəcək.
Sözügedən saziş beynəlxalq maliyyə institutlarının “TuranBank”ın maliyyə sabitliyinə, korporativ idarəetmə standartlarına və şəffaf fəaliyyətinə olan etimadının növbəti təsdiqidir. Əməkdaşlıq bankın maliyyə inklüzivliyinin artırılması, qadın sahibkarlığının dəstəklənməsi və dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək istiqamətində həyata keçirdiyi strategiyanın mühüm tərkib hissəsidir.
“TuranBank” bundan sonra da beynəlxalq tərəfdaşlarla əməkdaşlığını genişləndirərək qadın sahibkarlığının inkişafına, maliyyə əlçatanlığının artırılmasına və ölkədə inklüziv iqtisadi inkişafın dəstəklənməsinə öz töhfəsini verməyə davam edəcək.
“Global Gender-Smart Fund” haqqında
“Global Gender-Smart Fund” inkişaf etməkdə olan ölkələrdə maliyyə institutlarına borc maliyyələşməsi təqdim edən, dünyada genderyönümlü ən böyük investisiya fondudur. GGSF-nin məqsədi maliyyə xidmətlərinə kifayət qədər çıxışı olmayan qadınların, eləcə də qadınların rəhbərlik etdiyi və onlara məxsus bizneslərin məsuliyyətli maliyyə xidmətlərinə çıxışını genişləndirməkdir.
İnklüziv maliyyə sistemlərinin gücləndirilməsi vasitəsilə GGSF həyat səviyyəsinin yüksəldilməsinə, gender balansının və maliyyə xidmətlərinə çıxışın genişlənməsinə, həmçinin inkişaf etməkdə olan bazarlarda qadınların liderliyinin artmasına töhfə verir.
GGSF “Innpact Fund Management” tərəfindən idarə olunur və fondun fəaliyyətində dərin bazar təcrübəsinə və güclü təsiryönümlü yanaşmaya malik üç aparıcı özəl portfel meneceri iştirak edir. Bu layihə çərçivəsində “TuranBank” ilə əlaqələrin qurulması, monitorinqi və idarə olunmasına görə “Incofin Investment Management” məsuliyyət daşıyır.
Ətraflı məlumat üçün: www.ggs-fund.com
“TuranBank” ASC haqqında
“TuranBank” ASC 1992-ci ildə təsis edilib və Azərbaycanın ən etibarlı maliyyə institutlarından biri kimi fəaliyyət göstərir. Bank müştərilərinə beynəlxalq standartlara uyğun geniş çeşidli maliyyə xidmətləri təqdim edir. Hazırda ölkə üzrə 22 xidmət nöqtəsi ilə fəaliyyət göstərən “TuranBank” 34 illik fəaliyyəti ərzində dayanıqlı inkişaf nümayiş etdirərək şəffaflıq, etibarlılıq və sosial məsuliyyət prinsiplərinə sadiqliyi ilə seçilib.
Ətraflı məlumat üçün: www.turanbank.az
“TuranBank”
Bizimlə etibarlıdır...
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək