×
A
A
A
Sazlamalar

Abuzər Xələfov 95: Qərbi Azərbaycan İcmasında görkəmli alim yad edilib

Bakı, 11 iyun, AZƏRTAC

Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurası və Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin birgə təşkilatçılığı ilə Əməkdar elm xadimi, professor Abuzər Xələfovun anadan olmasının 95 illiyinə həsr olunan yığıncaq keçirilib.
İcmanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Qərbi Azərbaycan İcmasında təşkil olunan tədbirdə İcmanın Ziyalılar Şurasının sədri, professor Elxan Hüseynov çıxış edərək professor Abuzər Xələfovun Azərbaycan elminə, xüsusilə kitabxanaşünaslıq sahəsinin inkişafına verdiyi mühüm töhfələrdən danışıb. O, görkəmli alimin zəngin elmi-pedaqoji fəaliyyətinin, yaratdığı elmi məktəbin və yetişdirdiyi mütəxəssislərin Azərbaycan elminin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Tədbirdə İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli professorun Qərbi Azərbaycan həqiqətlərinin yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm xidmətləri olan ziyalılardan biri olduğunu qeyd edib, onun həyat və fəaliyyətinin Azərbaycan ziyalılığı üçün örnək olduğunu vurğulayıb.
Çıxış edən digər natiqlər də Abuzər Xələfovun elmi fəaliyyətindən, pedaqoji xidmətlərindən və Azərbaycan kitabxanaçılıq məktəbinin inkişafındakı müstəsna rolundan bəhs ediblər. Professorun yaratdığı elmi məktəbin əhəmiyyəti geniş təhlil olunub.
Tədbirdə professor A.Xələfovun elmi fəaliyyəti barədə məlumatların yer aldığı https://abuzar-xalafov.info.az/ adlı saytın təqdimatı keçirilib. Onun həyat və fəaliyyətindən bəhs edən sənədli filmdən fraqment nümayiş etdirilib.

Cəmiyyət 2026-06-11 10:19:00