×
A
A
A
Sazlamalar

Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb

Şəki, 10 iyun, AZƏRTAC

İyunun 10-da Şəki şəhərində İkinci Qarabağ müharibəsi şəhidi Məmmədiyə Cabbarzadənin xatirəsinə həsr olunmuş “Yarım qalan arzular” adlı ədəbi-bədii gecə keçirilib. Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər Komitəsinin dəstəyi, Şəki şəhər Heydər Əliyev Mərkəzi, Mirzə Fətəli Axundzadə adına Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən “Narınqala” Folklor Evi və Şəki şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhər rəhbərliyi, şəhid ailələri, təhsil və mədəniyyət işçiləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsindən məlumat verilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidin həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi Tural Kərimov və digər çıxış edənlər şəhid Məmmədiyə Cabbarzadənin qəhrəmanlığından, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçməsindən, həmçinin şəhid ailələrinə göstərilən dövlət qayğısından bəhs ediblər. Qeyd olunub ki, belə tədbirlərin təşkilində əsas məqsəd Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərin əziz xatirəsini yad etmək, onların şərəfli həyat və döyüş yolunu gənc nəslə tanıtmaq, gənclərin vətənpərvərlik ruhunu gücləndirməkdir.
Tədbirdə Şəki şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərdən ibarət ansamblının ifasında vətənpərvərlik ruhunda musiqilər səsləndirilib, ədəbi-bədii kompozisiyalar təqdim olunub.

Müxbir – Mustafa Dadaşov

Regionlar 2026-06-10 22:22:00