


İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir
Bakı, 10 iyun, AZƏRTAC
Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) dayanıqlı şəhərsalma planlaşdırmasının, iqlim dayanıqlılığının və mənzil problemlərinin həllinin bir-biri ilə sıx bağlı qlobal prioritetlər olduğunu əyani şəkildə nümayiş etdirdi.
Bu fikri AZƏRTAC-a şərhində İtaliyanın “La Ragione” və “Il Riformista” qəzetlərinin əməkdaşı, jurnalist və siyasi analitik Domeniko Letitsiya səsləndirib. Onun sözlərinə görə, forumun Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunmuş ildə keçirilməsi azad edilmiş ərazilərin genişmiqyaslı bərpası məsələsinə beynəlxalq diqqəti cəlb edib. “Bu təşəbbüs bir sıra infrastruktur layihələri kimi deyil, qabaqcıl geosiyasi, sosial və texnoloji laboratoriya kimi qiymətləndirilir”, – deyə ekspert bildirib.
D.Letitsiyanın fikrincə, İtaliya ilə Azərbaycan arasında möhkəm siyasi və iqtisadi əlaqələr, eləcə də hər iki ölkənin sənaye və layihələndirmə mədəniyyətinin oxşarlığı əməkdaşlığın böyük strateji potensiala malik olmasına zəmin yaradır.
Ekspert azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının inkişafına, o cümlədən Ağalıda həyata keçirilən pilot layihəyə xüsusi diqqət yetirib.
“Azərbaycan azad edilmiş əraziləri aparıcı “Smart City” və “Smart Village” konsepsiyaları əsasında inkişaf etdirir. İtaliya isə şəhərlərin yenidən canlandırılması və qabaqcıl texnologiyaların mürəkkəb tarixi və həssas ərazilərə uyğunlaşdırılması sahəsində dərin təcrübəyə malikdir”, – deyə o vurğulayıb.
D.Letitsiyanın sözlərinə görə, İtaliya şirkətləri yeni şəhərlərin rəqəmsal əkizlərinin yaradılmasına, resursların idarə olunması üçün intellektual sistemlərin tətbiqinə, dayanıqlı mobilliyin inkişafına və müasir ekoloji işıqlandırma sistemlərinin qurulmasına töhfə verə bilərlər.
Ekspert enerji keçidi və yaşıl texnologiyalar üzrə məsələlərə də ayrıca toxunub. “Azərbaycan bərpaolunan əraziləri sıfır emissiyalı zonalara çevirməyə çalışır. Günəş və külək enerjisi, bioenergetika və dairəvi iqtisadiyyat sahələrində qabaqcıl texnologiyalara malik olan İtaliya bu prosesdə təbii tərəfdaşdır”, – deyə o bildirib.
O, əməkdaşlığın perspektivli istiqamətləri sırasında mikroşəbəkələr əsasında müstəqil enerji icmalarının yaradılmasını, tullantıların və su ehtiyatlarının idarə olunması üzrə müasir həllərin tətbiq edilməsini, həmçinin yaşayış və ictimai binaların enerji səmərəliliyinin artırılmasını qeyd edib.
Qarabağ bölgəsinin tarixi-mədəni irsinin bərpasından danışan D.Letitsiya memarlıq abidələrinin restavrasiyası və mədəni irsin qorunması sahəsində İtaliyanın aparıcı mövqeyini xüsusi vurğulayıb.
“Qarabağın bərpası Azərbaycanın mədəni paytaxtı olan Şuşa şəhəri kimi qədim mərkəzlərin tarixi və mədəni kimliyinin qorunması, bərpası və təbliği ilə bağlı mühüm məsələni gündəmə gətirir”, – deyə ekspert bildirib.
Onun fikrincə, İtaliyanın ixtisaslaşmış qurumları təkcə abidələrin fiziki bərpasına deyil, həm də mədəni və ekoturizm klasterlərinin inkişafına, təhsil proqramlarının hazırlanmasına və restavrasiya sahəsində mütəxəssislərin yetişdirilməsinə dəstək verə bilərlər. Son illərdə ikitərəfli tədbir və konfransların keçirilməsi sübut edir ki, Azərbaycan-İtaliya əməkdaşlığı artıq praktiki xarakter alıb.
Perspektiv addımlar sırasında o, hər iki ölkənin memarlıq və mühəndislik şirkətlərinin iştirakı ilə dövlət-özəl tərəfdaşlıqlarının yaradılmasını, eləcə də azad edilmiş ərazilərdə birgə pilot layihələrin həyata keçirilməsini xüsusi vurğulayıb.
“Qarabağın bərpası istiqamətində göstərilən səylər İtaliya üçün özünün “şəhər humanizmi” konsepsiyasını ixrac etmək baxımından unikal imkan yaradır. Bu modeldə qabaqcıl texnologiyalar və yaşıl keçid tarixi silmir, əksinə, sosial inteqrasiyaya, vətəndaşların rifahına və kollektiv yaddaşın qorunmasına xidmət edir”, – deyə D.Letitsiya fikrini yekunlaşdırıb.
Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO
Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO
Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO
Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO