×
A
A
A
Sazlamalar

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

Bakı, 10 iyun, AZƏRTAC
Türk Mədəniyyəti və İrsi Fondunda görkəmli ictimai və siyasi xadim, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü professor Həsən Həsənovun "Macar-Azərbaycan ortaq etnik kökləri" kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, kitab bu günə qədər rus və macar dillərində çap olunsa da, ilk dəfə Azərbaycan dilində oxucuların ixtiyarına verilir.
Təqdimatda çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova "Macar-Azərbaycan ortaq etnik kökləri" kitabında Azərbaycan və macar xalqlarının dünyagörüşü, mifologiyası, musiqisi və ənənələri arasındakı çox maraqlı oxşarlıqlardan bəhs olunduğunu qeyd edib. O, kitabın böyük bir hissəsinin macarların və digər türk xalqlarının dillərinin oxşarlığına həsr olunduğunu deyib. Fondun prezidenti əsərin Azərbaycan və Macarıstan dövlətlərinin mədəni, ədəbi və tarixi bənzərliklərini öyrənmək istəyənlər üçün olduqca qiymətli bir mənbə olduğunu vurğulayıb.
Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torman əsərin ortaq linqvistik, tarixi, mifoloji və musiqi ənənələrimizə dair ədəbiyyatı zənginləşdirdiyini, bir-birimizi daha yaxşı anlamağa və tanımağa imkan verdiyini diqqətə çatdırıb. “Kitab müəllifin xalqlarımızın qədim tarixinə olan dərin marağını əks etdirir. Onun Macarıstan və Azərbaycanın qədim tarixi üzrə bilikləri heyrətamizdir”, - deyə səfir əlavə edib.
Nəşrin tarixçəsinə toxunan kitabın müəllifi Həsən Həsənov qədim türklərlə fin-uqor xalqları arasında qohumluq əlaqələrinin olduğunu diqqətə çatdırıb. O, 1980-ci illərdə Finlandiyanın Baş nazirinin Azərbaycana səfəri zamanı bu barədə keçirilən görüşü və maraqlı söhbətləri xatırladıb. Müəllif məhz bu tarixi-mədəni yaxınlığı əsas götürərək, sonradan diplomatik fəaliyyət üçün Macarıstanı seçdiyini və orada Azərbaycanı tanıdan 40 kitab nəşr etdirdiyini vurğulayıb.
Kitabın altayşünaslığın dəyərli nümunələrindən biri olduğunu qeyd edən Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov deyib: “Həsən müəllimin apardığı müqayisələr birbaşa Azərbaycan və macar dillərindəki söz köklərinə əsaslanır. Müəllif bu dillər arasında birbaşa əlaqələrin olmadığını, oxşarlıqların ümumi Altay mənşəyindən qaynaqlandığını vurğulayır. Həmçinin hər iki dildə qorunub saxlanılan ortaq sözlər və qrammatik xüsusiyyətlər diqqətə çatdırılır. Kitabın böyük bir hissəsi dilçilik məsələlərinə həsr olunsa da, əsərdə ciddi etnoqrafik müqayisələr, tarixi proseslərin və siyasi coğrafiyanın dərindən təhlili də yer alıb”.
Əsərin yazılma məqsədinin kifayət qədər aktual və vacib olduğunun vurğulayan Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Hicran Hüseynova müasir dövrdə Azərbaycanın ortaq mədəni və tarixi dəyərlərin araşdırılmasına xüsusi diqqət yetirdiyini söyləyib. “Bu baxımdan, Həsən müəllimin Azərbaycan–Macarıstan elmi və mədəni əlaqələrinin inkişafındakı uğurlu fəaliyyəti hər kəsə məlumdur. Müəllif bu əsərlə iki xalq arasındakı mümkün və real tarixi bağları dərindən araşdıraraq, bu əlaqələrin elmi zəmində inkişafına dəyərli töhfə verib”, - deyə H.Hüseynova bildirib.
Qeyd edək ki, "Macar-Azərbaycan ortaq etnik kökləri" kitabında macar-türk xalqları arasında tarixi paralelləri və leksik əlaqələri sistemli şəkildə araşdırılır. Dyula Nemet, Layoş Liqeti, Zoltan Qomboç və digər macar alimlərinin türk dili haqqında irəli sürdükləri fikirlər ümumiləşdirərək mövzunun kompleks elmi təhlili təqdim olunur. Əsər macar-türk münasibətlərinin dərin tarixi köklərini və dil müstəvisində formalaşmış qarşılıqlı təsirləri aydın şəkildə ortaya qoyulması baxımından mühüm elmi əhəmiyyətə malikdir.

Fotoqraf – Orxan Kərimov

Elm və təhsil 2026-06-10 19:52:00