×
A
A
A
Sazlamalar

Anar Bağırov: Hər şəhər və rayonda vəkil bürolarının fəaliyyət göstərməsi olduqca vacibdir VİDEO

Naxçıvan, 8 iyun, AZƏRTAC
Azərbaycan Vəkillər Kollegiyası Naxçıvan Muxtar Respublikasında vəkillik institutunun inkişafına və güclənməsinə xüsusi önəm verir. Bu məqsədlə hər il kollegiyanın təşkilatçılığı ilə muxtar respublikada müxtəlif tədbirlər keçirilir və bu gün Culfada Vəkil Bürosunun açılması da məhz bu məqsədə xidmət edir. Bildiyiniz kimi, mediasiya ölkəmiz üçün nisbətən yeni bir hüquq institutudur. Azərbaycan Vəkillər Kollegiyası bu institutun inkişafına və möhkəmlənməsinə dəstək göstərən əsas qurumlardan biridir və hesab edirəm ki, bu istiqamətdə artıq mühüm nailiyyətlər əldə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvanda jurnalistlərə müsahibəsində Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
"Hesab edirəm ki, hər şəhər və rayonda vəkillik bürolarının fəaliyyət göstərməsi olduqca vacibdir. Vətəndaşlarımız bu bürolara müraciət edərək keyfiyyətli hüquqi yardım ala biləcəklər”, - deyə o bildirib.
Anar Bağırov qeyd edib ki, səfər çərçivəsində Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsi ilə əməkdaşlıq istiqamətində görüş də olacaq: “Ümumiyyətlə, Azərbaycan Vəkillər Kollegiyası ölkədə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin Hüquq fakültələrinə daim hərtərəfli dəstək göstərir və Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsi də bu diqqətdən kənarda qalmayacaq. Bundan sonra da yeni nəsil hüquqşünasların yetişməsinə bütün imkanlarımızla dəstək verəcəyik”.

Müxbir- Nail Əsgərov

Regionlar 2026-06-08 14:48:00

Video