×
A
A
A
Sazlamalar

BDU-nun Astrofizika kafedrası: Bootid meteor yağışı olacaq

Bakı, 8 iyun, AZƏRTAC
22 iyun – 2 iyul tarixlərində Bootid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumunun iyunun 27-də Bakı vaxtı ilə təxminən saat 21:00-da baş verəcəyi gözlənilir.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından AZƏRTAC-a verilən məlumata görə, bu meteor yağışının radiantı Çoban (Bootes) bürcündə yerləşdiyindən belə adlanır.
Bakıdan baxdıqda radiant bütün gecə ərzində üfüqdən yuxarıda olur və müşahidə üçün əlverişli şərait yaradır. Bu meteor yağışının mənbəyi “7P/Pons-Winnecke” kometidir. Bu komet 1819-cu ildə kəşf edilib və Günəş ətrafında təxminən 6.37 ilə bir dövr edir. Kometin orbiti boyunca qoyduğu toz və kiçik qaya hissəcikləri Yer orbitini kəsdikdə meteor yağışı yaranır.
Meteorlar Yer atmosferinə daxil olarkən təxminən 18 km/s sürətlə hərəkət edir. Bu sürət digər məşhur meteor yağışları ilə müqayisədə nisbətən kiçikdir. Buna görə də Bootid meteorları səmada daha yavaş hərəkət edən və uzun iz buraxan meteorlar kimi görünə bilər. İyun Bootidləri çox dəyişkən meteor selidir. Adi illərdə maksimum fəallıq zamanı saatda yalnız 1−5 meteor müşahidə olunur. Lakin tarixdə bəzi qeyri-adi fəallıq partlayışları qeydə alınıb. 1916-cı ildə saatda yüzlərlə meteor, 1998-ci ildə saatda təxminən 50–100, 2004-cü ildə isə saatda 20–50 meteor müşahidə edilib. 2026-cı ildə yağışın zəif və ya orta fəallıq göstərməsi gözlənilir. Bundan əlavə, maksimum dövrə yaxın Ay demək olar ki, Tam Ay (bədirlənmiş) fazasında olacaq və güclü Ay işığı zəif meteorların görünməsini çətinləşdirəcək.
İyun Bootid meteor yağışı hər il müşahidə olunsa da, gözlənilməz fəallıq partlayışları göstərə bilməsi səbəbindən xüsusi maraqla izlənilən meteor sellərindən biridir. Bu selin tədqiqi kometlərin təkamülü və Günəş sisteminin kiçik cisimlərinin öyrənilməsi üçün mühüm əhəmiyyət daşıyır.

Elm və təhsil 2026-06-08 14:34:00