×
A
A
A
Sazlamalar

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Bakı, 6 iyun, AZƏRTAC

Çikaqoda ABŞ-nin keçmiş Prezidenti Barak Obamanın yeni prezident mərkəzinin açılışı baş tutub. Mərkəzə kitabxana, muzey və ictimai institut daxildir.
AZƏRTAC xəbər verir ki, kompleks şəhərin cənubundakı tarixi Cekson Parkında yerləşir. Obama burada siyasi karyerasına başlayıb.
Muzeyin əsas eksponatlarından biri Obamanın prezidentlik dövründəki Oval otağın qurulmuş modelidir. Ziyarətçilər sələfi, ABŞ-nin keçmiş Prezidenti oğul Corc Buşun ona qoyduğu məktubun surətini, eləcə də dövlət başçısına məxsus şəxsi əşyaları görə bilərlər. Sərgidə, həmçinin keçmiş birinci xanım Mişel Obamanın 2008-ci ildə seçki günü geyindiyi paltar da daxil olmaqla, digər geyimləri də nümayiş olunur.
Mərkəzin tikintisi mübahisələrlə müşayiət olunub. Bəzi sakinlər layihənin ərazidə gentrifikasiya proseslərini sürətləndirəcəyindən qorxurlar. Kompleksin ictimai parkın ərazisində yerləşməsi, eləcə də təxminən 70 metr hündürlüyündə mərkəzi qüllənin memarlıq dizaynı da tənqidə səbəb olub. Buna baxmayaraq, tikintiyə qarşı məhkəmə iddiaları rədd edilib.
Obama Prezident Mərkəzi ABŞ-də 13-cü rəsmi prezident kitabxanasıdır.

Dünya 2026-06-06 21:02:00