


Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
Bakı, 6 iyun, AZƏRTAC
Ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümünə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, III yer uğrunda mübarizədə Bakı Dövlət Universitetinin komandası Azərbaycan Texniki Universitetinin komandasına qalib gəlib. Azərbaycan İdman Akademiyasının komandası isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandasını məğlub edərək liqanın qalibi olub.
Liqanın ikinci yarımqrupunda mübarizə aparan komandalardan 1-ci yeri Azərbaycan Dövlət Pedaqoji Universiteti, 2-ci yeri Bakı Mühəndislik Universiteti, 3-cü yeri Milli Aviasiya Akademiyasının komandası tutub.
Oyunlardan sonra qaliblərin mükafatlandırılma mərasimi keçirilib.
Tədbirdə Elm və Təhsil Nazirliyinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Azərbaycan Tələbə Futbol Federasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəsmi şəxsləri, veteran futbolçular iştirak ediblər.
Bağlanış mərasimində AFFA-nın Hakimlər Komitəsinə oyunların idarə olunmasındakı səmərəli fəaliyyətinə görə “Təşəkkürnamə” təqdim olunub. Oyunlarda fərqlənən üç tələbə-futbolçu “Ən yaxşı qapıçı”, “Ən məhsuldar oyunçu”, “Ən yaxşı oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunub, ikinci yarımqrupun qalib komandalarına hədiyyə, liqanın qalib komandalarına medal və pul mükafatı, çempion komandaya kubok təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Tələbə Liqası 2023-cü ildən etibarən Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə keçirilir.
Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümünə ötən il noyabrın 1-də start verilib və liqada 14 ali təhsil müəssisəsi mübarizə aparıb.
Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növünün təbliğ edilməsi, onlar arasında perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması, tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasından ibarət olub.
Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
"Şamaxı" legioner futbolçu ilə vidalaşıb
İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb