×
A
A
A
Sazlamalar

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

Qusar, 6 iyun, AZƏRTAC

Qusarda gənc nəslin kitab oxumağa marağını artırmaq və milli-mənəvi dəyərlərin təbliği məqsədilə "Oxu bayramı" təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Nəriman Nərimanov adına Mədəniyyət və İstirahət Parkında keçirilən tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr edilib.
İştirakçılar əvvəlcə parkda kitab, rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə oxuculara müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər təqdim edilib.
Qusar Rayon Mərkəzi Kitabxanasının müdiri Gültəkin Pənahova oxu mədəniyyətinin formalaşdırılması, gənclərdə analitik təfəkkürün, tədqiqat marağının, bədii zövqün inkişaf etdirilməsi istiqamətində kitabxanaların və mədəniyyət ocaqlarının xüsusi rolundan danışıb.
Rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov Ümummilli Lider Heydər Əliyevin dövlətçilik tariximizdəki əvəzsiz rolundan, onun milli-mənəvi dəyərlərin qorunması və gənclərin intellektual inkişafına verdiyi töhfələrdən bəhs edib. Qeyd olunub ki, Ulu Öndər hər zaman elmə, biliyə və kitaba yüksək qiymət verib, cəmiyyətin tərəqqisini savadlı və bilikli insan kapitalının formalaşdırılmasında görüb.
Bayram tədbirində İctimai Televiziyada yayımlanan “Əlaçı” intellektual yarışmasının qalibləri Sultanov Tural Araz oğlu və İsabalayeva Samirə Tehran qızına, həmçinin “Sərhəd” hərbi-idman oyunlarında qələbə qazanan Yuxarı Zeyxur kənd tam orta ümumtəhsil məktəbinin “Zeyxur” komandasının üzvlərinə və hərbi müəllimə Qusar Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qiymətli hədiyyələr təqdim olunub.
Tədbirdə Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi Elvira Hacıbalayeva, Əməkdar jurnalist, uzun illər “Qusar” qəzetinin baş redaktoru olmuş Vidadi Sevzixanov, Vətən müharibəsi qazisi İlkin Abuyev, şəhid Oleq Cəfərovun anası Tinatin Cəfərova, şəhid Sultan Şahvələdovun anası Məlahət Şahvələdova, Azərbaycan Yazıçılar Birliyinin üzvü Eyvaz Güləliyev, şəhər 4 saylı tam orta ümumtəhsil məktəbinin müəllimi Telli Davudova çıxış edərək, gəncləri mütaliəyə daha çox maraq göstərməyə, savadlı, dünyagörüşlü və vətənpərvər gənclər kimi yetişməyə çağıraraq belə maarifləndirici tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini diqqətə çatdırıblar.
“Oxu bayramı”nın bədii hissəsində məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, musiqilər ifa edilib, rəqs kompozisiyaları təqdim olunub.

Müxbir – Elxan Yusifli

Regionlar 2026-06-06 17:01:00