Berlin, 6 iyun, AZƏRTAC
Almaniya Kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron Monteneqronun Tivat şəhərində keçirilən Avropa İttifaqı (Aİ)-Qərbi Balkan Sammitində İttifaqın sürətli genişlənməsinin lehinə çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, F.Merts Avropa İttifaqının həm genişlənməyə qadir, həm də buna hazır olduğunu nümayiş etdirməsinin vacibliyini bildirib. Kansler Qərbi Balkan Sammitindən sonra verdiyi açıqlamada günün əsas mesajının altı Balkan dövlətinin yaxın gələcəkdə Aİ-yə üzvlüyü məsələsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, Aİ-nin bu ölkələri özünə daha sıx bağlamaqda strateji marağı var. O, hətta üzvlüyün uzanmasına görə Aİ-ni tənqid edib: “Əgər 13 ildir ki, yeni üzv qəbul etməmişiksə, bu, çatışmazlıqların da Avropa İttifaqının üzərində olduğunu göstərir. Bu gün aradan qaldırmaq istədiyimiz budur".
F.Makron isə regionun Avropa İttifaqı üçün əhəmiyyətini önə çəkərək bildirib ki, Avropanın enerji təhlükəsizliyi, ümumi təhlükəsizlik məsələləri və miqrasiya marşrutları baxımından gələcək müstəqilliyinin taleyi də Qərbi Balkanlarda müəyyən olunur.
Almaniya və Fransa Sammitdən əvvəl üzvlük danışıqlarının sadələşdirilməsi və sürətləndirilməsinə dair birgə təkliflər təqdim ediblər. F.Merts bildirib ki, bu təkliflər həm Avropa Şurasında, həm də Qərbi Balkan dövlətləri arasında böyük ölçüdə bəyənilib. Həmin sənəddə əsas məqsədin həddindən artıq bürokratik proseduru sadələşdirmək və üzvlük danışıqlarını sürətləndirmək olduğu vurğulanıb.
Qərbi Balkan ölkələrinə Monteneqro, Albaniya, Bosniya və Herseqovina, Kosovo, Şimali Makedoniya və Serbiya daxildir. Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos Monteneqronun 2028-ci ilin sonlarında 28-ci üzv kimi Aİ-yə qəbul edilə biləcəyini ifadə edib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin