


Fidan Hacıyeva: Ardıcıl ikinci ildir ki, Azərbaycanı Vyetnamda qürurla təmsil edirəm
Bakı, 5 iyun, AZƏRTAC
Mən Hanoydakı “Ho Guom” Opera Teatrında keçirilmiş və Azərbaycanın Müstəqillik Gününə, eləcə də Vyetnamla Azərbaycan arasında strateji tərəfdaşlığın qurulmasının birinci ildönümünə həsr olunmuş möhtəşəm tədbirdə iştirak etdim. Artıq ikinci ildir ki, Vətənimi bu Asiya ölkəsində qürurla təmsil edirəm.
Bu barədə Azərbaycanın Xalq artisti, opera müğənnisi, Vokal Musiqi Məktəbinin yaradıcısı və rəhbəri, Beynəlxalq Opera Festivalının təsisçisi Fidan Hacıyeva AZƏRTAC-ın müxbirinə bəhs edib.
“Konsertdə tanınmış vyetnamlı ifaçılar və musiqiçilər çıxış ediblər. Azərbaycandan və Vyetnamdan olan görkəmli bəstəkarların əsərləri ifa olunub, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasına xüsusi yer ayrılıb. Mən “Gülçöhrə” partiyasını Azərbaycan dilində ifa etdim, vyetnamlı opera ifaçıları isə operettamızdan ariyaları Vyetnam dilində ifa etdilər, - bu, bir ilk idi.
Dahi bəstəkarımız Qara Qarayevin “Vyetnam” süitası, eləcə də görkəmli vyetnamlı bəstəkar Çin Konq Şonun əsərləri səsləndirildi.
Sonda Gülnar Sultanovanın tərcüməsində Vyetnamın məşhur “Birlikdə əl-ələ verək” mahnısını Azərbaycan dilində ifa etdim”, - deyə müsahibimiz bildirib.
Tədbir Vyetnam mediası tərəfindən geniş işıqlandırılıb. Xalq artisti bu təşəbbüsə görə Vyetnamdakı Azərbaycan səfirliyinə və şəxsən Fövqəladə və Səlahiyyətli səfir Şövqi Mehdizadəyə minnətdarlığını bildirib.
“Səfir Şövqi Mehdizadənin Azərbaycan mədəniyyətini bu cür təbliğ edilməsi çox gözəldir. Həmçinin mahnıların tərcüməsinə görə Gülnar Sultanovaya təşəkkür etmək istərdim. Yaşasın Azərbaycan-Vyetnam dostluğu, yaşasın bizi birləşdirən musiqi!”, - deyə F.Hacıyeva vurğulayıb.
Xalq artisti, həmçinin qeyd edib ki, mədəniyyətini xaricdə təmsil etmək onun üçün həmişə böyük məsuliyyətdir: “İndi “Arşın mal alan” operettası, bəstəkarlarımızın musiqisi və xalq mahnılarımız artıq bütün dünyada səslənir. Mədəniyyətimiz, operalarımız xaricdə təqdim edildikdə, bu, millətimizin böyüklüyündən, mədəniyyətimizdən, xalqımızın zənginliyindən xəbər verir. Mədəniyyətimizi təkcə Vətənimizdə deyil, həm də xaricdə təmsil edən çoxlu istedadlı insanlarımız var.
İlk Beynəlxalq Opera Festivalımı keçirəndə İstanbuldan çox məşhur bir dirijor Murat Cem Orhanı dəvət etdim. O mənə dedi: “Siz dahi bir millətsiniz - Üzeyir Hacıbəyli, Qara Qarayev, Tofiq Quliyev, Arif Məlikov kimi bəstəkarlarınız var, elə bir baletləriniz, elə bir simfoniyanız, elə bir operanız var ki, bu, əsl xəzinədir”.
Hazırda üçüncü Beynəlxalq Opera Festivalına hazırlıq gedir. Müsahibimizin sözlərinə görə, bu il festival xüsusilə geniş miqyasda keçiriləcək. “Bu il mənim üçün yubiley bir ildir: Opera sənətinə xidmət etdiyim 50 və 30 illiyim tamam olur. Bunlar iki əlamətdar ildönümüdür. Buna görə də festival sentyabrın 7-də başlayacaq və ilin sonuna qədər davam edəcək.
Ölkəmizdə səhnəyə çıxmaq, oxumaq istəyən çoxlu gənc ifaçı, vokalçı var. Mən onların hamısına bu imkanı verəcəyəm. Opera festivalımda çıxış etmək arzusu ilə mənə müraciət edən hər kəsə qapılarımı açacağam. Bundan əlavə, tədbirlər yalnız Azərbaycanla məhdudlaşmayacaq. Festival çərçivəsində çıxışlar xaricdə də olacaq, tələbələrimi ora aparacağam. Artıq İtaliya, Fransa, Gürcüstan və digər ölkələrlə razılaşmalar əldə etmişik. Premyerası keçən il olan “Arşın mal alan” operettasını mütləq yenidən səhnələşdirəcəyik. Böyük uşaq xorunun iştirakı ilə simfonik orkestrlə konsert planlaşdırıram. Bu yay bu festivalın təşkili üzərində gərgin işləyəcəyəm”, - deyə F.Hacıyeva sözünü yekunlaşdırıb.
Müəllif – Anara Axundova
Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO
Heydər Əliyev Sarayında Səməd Vurğunun yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
Türkiyədə “Qarabağdan Çanaqqalaya: Türkün zəfər yolu” layihəsi çərçivəsində ustad dərsi