×
A
A
A
Sazlamalar

Araz Aslanlı: Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi Azərbaycanın uzunmüddətli strateji baxışının nəticəsidir

Bakı, 5 iyun, AZƏRTAC

Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi və yükgötürmə qabiliyyətinin əhəmiyyətli dərəcədə artırılması bir neçə mühüm kontekstdə qiymətləndirilməlidir. Bu layihə, ilk növbədə, Azərbaycanın strateji tərəfdaşları, dost və qardaş dövlətlərlə birlikdə yürütdüyü uzunmüddətli siyasətin uğurlu nəticəsidir.
Bunu AZƏRTAC-a açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı bildirib.
Onun sözlərinə görə, Azərbaycanın strateji məqsədi əvvəlcə Cənubi Qafqazda, daha sonra isə daha geniş regionda və bütövlükdə Avrasiya məkanında əməkdaşlıq, sabitlik və inkişaf mühitinin formalaşdırılmasıdır. “Soyuq müharibənin başa çatmasından sonra region daha çox münaqişələr və qeyri-sabitliklə xarakterizə olunurdu. Azərbaycan isə fərqli yanaşma ortaya qoyaraq həm öz ərazisində, həm də qonşu regionlarda qarşıdurma və maraq toqquşmalarının deyil, əməkdaşlıq və sülhün hakim olduğu bir mühitin formalaşmasına çalışıb. Azərbaycan bu strateji hədəfə nail olmaq üçün həm enerji, həm də nəqliyyat layihələrini ardıcıl şəkildə həyata keçirdi. Bu layihələr ölkəmizin regional haba, logistika və tranzit mərkəzinə çevrilməsinə imkan yaratdı. Hətta enerji layihələrinin reallaşdırılması dövründə bir sıra məsələlərdə fərqli mövqelərə malik olan, maraqları toqquşan dövlətlər belə Azərbaycanın təşəbbüsü ilə eyni platformada bir araya gəldilər. Sonrakı dövrdə Azərbaycan bu yanaşmanı Xəzər hövzəsində həyata keçirilən enerji, nəqliyyat və fiber-optik kabel layihələrində də davam etdirdi və mühüm nəticələr əldə etdi”, – deyə ekspert vurğulayıb.
Araz Aslanlı qeyd edib ki, Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi Şərq-Qərb ticarət əlaqələrinin inkişafına ciddi töhfə verir.
“Bu layihə bir tərəfdən Azərbaycanın strateji hədəflərinin həyata keçirildiyini nümayiş etdirir, digər tərəfdən isə ölkəmizin regionda və beynəlxalq sistemdə mövqelərini daha da gücləndirir. Layihə həm Qərbdə, həm Şərqdə, həm də Cənub istiqamətində yerləşən dövlətlərin qarşılıqlı ticarət əlaqələrinin inkişafı üçün yeni imkanlar yaradır”, – deyə o bildirib.
Ekspert vurğulayıb ki, bu kimi layihələrin uğurunda əsas amillərdən biri onların həyata keçirildiyi ölkələrdə sabitliyin mövcud olmasıdır: “Burada söhbət həm daxili sabitlikdən, həm də xarici tərəfdaşlarla münasibətlərin xarakterindən gedir. Azərbaycan xarici siyasətində aydın məqsədlərə, prinsipial mövqeyə və ardıcıl siyasi xəttə malik dövlətdir. Ölkəmiz beynəlxalq tərəfdaşlar qarşısında bəyan etdiyi prinsiplərə sadiq qalır. Bu da Azərbaycanın iştirak etdiyi və təşəbbüskarı olduğu layihələrə tərəfdaşların daha böyük etimad göstərməsinə şərait yaradır”.
Araz Aslanlı hesab edir ki, Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi təkcə Orta Dəhlizin imkanlarını artırmaqla məhdudlaşmır. “Böyük beynəlxalq ticarət marşrutlarının mühüm hissəsinə çevrilmək özü-özlüyündə mühüm üstünlükdür. Lakin layihənin əhəmiyyəti bununla yekunlaşmır. Bu dəmir yolu Azərbaycanın özünün xarici ticarət imkanlarını da genişləndirəcək, ölkənin ixrac və idxal potensialının artırılmasına xidmət edəcək. Eyni zamanda, gələcəkdə sərnişindaşımaların inkişafı baxımından da mühüm perspektivlər açılır”, – deyə o bildirib.
Onun sözlərinə görə, layihə Azərbaycanın turizm potensialının genişləndirilməsinə də töhfə verə bilər. “Gələcəkdə bu marşrut üzrə yeni turizm layihələrinin və marşrutlarının formalaşdırılması mümkündür. Türk dövlətləri arasında ortaq turizm məkanının yaradılması istiqamətində aparılan müzakirələr fonunda Bakı–Tbilisi–Qars xətti bu prosesə də töhfə verə bilər. Beləliklə, layihə Azərbaycanın logistika və tranzit mərkəzi kimi rolunu gücləndirməklə yanaşı, ölkəmizin müxtəlif regionlardakı tərəfdaşları ilə münasibətlərinin daha da inkişafına, iqtisadi, humanitar və turizm əlaqələrinin genişlənməsinə xidmət edir”, – deyə Araz Aslanlı vurğulayıb.

 

2026-06-05 17:59:00